Əmək məzuniyyətindən istifadə etməyən işçilərin həmin günlərə görə pul kompensasiyası alıb-almaması tez-tez müzakirə olunur. İşçinin əmək müqaviləsinə xitam verildikdə istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsi qanunla nəzərdə tutulub. Bəs əmək münasibətləri davam etdiyi müddətdə işçi istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya tələb edə bilərmi?
Hüquqşünas Tağı Hüseynov “Yeni Sabah”a açıqlamasında bildirib ki, qanunvericilikdə bu məsələ ilə bağlı əvvəlki məhdudiyyət aradan qaldırılıb.
Onun sözlərinə görə, əvvəllər işçi əmək münasibətləri davam etdiyi müddətdə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya tələb edə bilməzdi: pizza sifarişi
“Artıq bu müddəa qanunvericilikdən çıxarılıb. Bu məsələ həm də 18 fevral 2026-cı il tarixli Konstitusiya Məhkəməsinin qərarına əsasən tənzimlənir. Yəni tam dəqiqdir ki, işçi işləyə-işləyə istifadə etmədiyi məzuniyyətə görə kompensasiya tələb edə bilər. Bunu Əmək Məcəlləsinin 135-ci maddəsi deyir, 144-cü maddə də işçiyə eyni hüququ verir”.
T.Hüseynov qeyd edib ki, əmək müqaviləsinə xitam verilmədiyi halda da işçi istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya tələb edə bilər.
Vəkil Ramil Süleymanov isə “Yeni Sabah”a açıqlamasında bildirib ki, işçinin il ərzində istirahət hüququ həm Konstitusiya, həm də Əmək Məcəlləsi ilə təmin olunur.
Onun sözlərinə görə, əmək məzuniyyətinin əsas məqsədi işçinin istirahət etməsi və işə daha enerjili qayıtmasını təmin etməkdir:
“Bəzi hallarda işçilər əmək məzuniyyətinə çıxmaq istəmirlər. Əlbəttə ki, işçi istifadə etmədiyi əmək məzuniyyəti günlərinə görə kompensasiya tələb etmək hüququna malikdir. İşçi müəssisəyə müraciət edərək işlədiyi və hüququ yarandığı əmək məzuniyyətindən istifadə etmədiyinə görə kompensasiya tələb edə bilər”.
Vəkil əlavə edib ki, əmək müqaviləsinə xitam verildiyi halda da işçinin istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya almaq hüququ qorunur. Bu zaman kompensasiya son haqq-hesab zamanı ödənilir.
Aytac Əliyeva
Telegram kanalımız