“İstiqlalın əbədi işığı” konserti böyük maraq yaratdı – gənc istedadlar səhnədə parladı

saytların hazırlanması

Evə çatdırılma

“İstiqlalın əbədi işığı” konserti böyük maraq yaratdı – gənc istedadlar səhnədə parladı

Mədəniyyət

22 May 2026 11:48 1324


Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 28 May – Müstəqillik Gününə həsr olunan “İstiqlalın əbədi işığı” adlı konsert proqramı keçirilib.

“Yeni Sabah” xəbər verir ki, tədbir musiqi ilə milli ruhun qovuşduğu xüsusi sənət gecəsinə çevrilib. Konsert başlamazdan əvvəl zalda hiss olunan bayram abu-havası, səhnənin xüsusi tərtibatı və tamaşaçıların marağı gecəyə fərqli rəng qatıb. Salona toplaşan qonaqlar arasında incəsənət nümayəndələri, müəllimlər, valideynlər və musiqisevərlər yer alıblar. Səhnəyə çıxan gənc ifaçıların həyəcanı və məsuliyyəti isə ilk dəqiqələrdən hiss olunub.

Konsert Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Bakı Kamera Orkestrinin müşayiəti ilə baş tutub. Dirijorun peşəkar idarəçiliyi, orkestrin canlı ifası və gənc musiqiçilərlə yaratdığı harmoniya səhnədə xüsusi atmosfer formalaşdırıb. Musiqinin ritmi ilə dəyişən işıq effektləri və səhnədəki ahəng tədbirə əsl sənət gecəsi ovqatı qazandırıb. pizza hut

Məktəbin direktoru Könül Hüseynova çıxışında bildirib ki, proqramın əsas məqsədi istiqlal ruhunu və milli kimliyi musiqi vasitəsilə tamaşaçılara çatdırmaqdır:

“Bu sadəcə konsert proqramı deyil. Bu milli ruhumuzun, kimliyimizin və mədəniyyətimizin zənginliyini özündə ehtiva edən bir gecədir. Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günlərdə xalqımız artıq azad ölkənin azad vətəndaşı kimi nəfəs almağa başlamışdı. Bu duyğuları biz bu gün sizə musiqi dili ilə çatdıracağıq”.

Konsert boyu Azərbaycan və dünya klassik musiqisinin seçilmiş nümunələri səsləndirilib. İfalar zamanı salonda həm kövrək, həm də qürur dolu anlar yaşanıb. Xüsusilə vətənpərvərlik ruhunda səslənən əsərlər tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb. Bəzi musiqi nömrələrinin sonunda zalda yaranan uzun sürən alqış sədaları gecənin emosional təsirini daha da artırıb.

Gənc ifaçıların səhnə mədəniyyəti, özünəinamı və musiqiyə hakimiyyəti tamaşaçılarda xoş təəssürat yaradıb. Müxtəlif alətlər üzrə təqdim olunan çıxışlar məktəbdə formalaşan peşəkar mühitin və musiqi ənənələrinin davamlılığının göstəricisi kimi qiymətləndirilib. Tamaşaçılar arasında yer alan valideynlərin və müəllimlərin ifalar zamanı duyğulu anlar yaşadığı da diqqətdən qaçmayıb.

Qeyd edək ki, konsertdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin demək olar bütün şöbələri iştirak edib. Müxtəlif musiqi alətləri üzrə təhsil alan şagirdlər öz bacarıqlarını nümayiş etdiriblər. Tədbir həm gənc istedadların yaradıcılıq imkanlarını ortaya qoyub, həm də Azərbaycanın zəngin musiqi irsinin yeni nəsil tərəfindən yaşadıldığını nümayiş etdirib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!