Azərbaycanda ev heyvanları bazarı ilə bağlı vahid rəsmi statistika olmadığı üçün dəqiq illik dövriyyə rəqəmi söyləmək çətindir. Lakin şəhərləşmə, ev heyvanlarının ailə üzvü kimi qəbulunun artması, baytarlıq, yem, grooming və digər xidmətlərin genişlənməsi bu bazarın əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə böyüdüyünü göstərir.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib. Onun sözlərinə görə, xüsusilə Bakı və digər iri şəhərlərdə it və pişik sahiblərinin sayının artması yem, dərman, aksesuar və xidmətlərə davamlı tələbat yaradır:
“Bu bazarın illik dövriyyəsini hesablamaq üçün ev heyvanlarının sayı, orta aylıq yem və qulluq xərcləri, baytarlıq və digər xidmətlər üzrə xərclər ayrıca qiymətləndirilməlidir. Rəsmi baza olmadığı halda konkret milyard və ya yüz milyon manatlıq rəqəm söyləmək daha çox ehtimal xarakteri daşıyar. pizza mizza
Orta statistik ailə büdcəsində ev heyvanına çəkilən xərc ailənin gəlirindən və heyvanın növündən asılı olaraq ciddi dəyişir. Adi pişik və ya kiçik itin saxlanılmasında əsas xərc yemdir və minimal yanaşmada ailə büdcəsinin nisbətən kiçik hissəsini təşkil edə bilər. Lakin premium yem, peyvənd, baytarlıq, parazitlərə qarşı preparatlar, grooming, aksesuar və digər xidmətlər əlavə edildikdə bu pay əhəmiyyətli dərəcədə yüksəlir. Ona görə ev heyvanının saxlanmasını yalnız aylıq yem xərci ilə ölçmək düzgün deyil. Aşağı və orta gəlirli ailələr üçün bu xərclər büdcədə daha çox hiss olunur, yüksək gəlirli ailələrdə isə nisbətən kiçik pay tutur”.
Ekspert qeyd edib ki, yem və qulluq vasitələri bazarında idxaldan asılılıq kifayət qədər yüksəkdir:
“Xüsusilə xüsusi tərkibli yemlər, premium məhsullar, baytarlıq preparatları və bəzi aksesuarlar əsasən xaricdən gətirilir. Buna görə qiymətlərə valyuta məzənnəsi ilə yanaşı, beynəlxalq xammal qiymətləri, daşınma və logistika xərcləri, gömrük ödənişləri və istehsalçı ölkələrdəki qiymət dəyişiklikləri təsir edir. Son nəticədə manatın məzənnəsində dəyişiklik olmasa belə, xarici istehsalçının qiyməti və ya logistika xərci artarsa, Azərbaycanda məhsulun qiyməti yüksələ bilər.
Pet-otel və grooming xidmətləri isə kiçik sahibkarlıq üçün kifayət qədər perspektivli sahələrdir. Burada ilkin investisiya böyük sənaye müəssisəsi ilə müqayisədə aşağıdır və xidmətin əsas dəyəri işçi əməyindən, məkanın düzgün təşkilindən və müştəri bazasından formalaşır. Xüsusilə gəlirlərin yüksəldiyi və insanların ev heyvanlarına daha çox pul xərcləməyə başladığı şəhər ərazilərində grooming salonu, gündəlik baxım, heyvan gəzintisi, pet-otel və evdə qulluq kimi xidmətlərə tələbat arta bilər. Lakin bu sahədə də əsas problem müştəri bazasının davamlılığı və xidmət keyfiyyətinə etimaddır. Heyvan sahibləri qiymətdən əlavə təhlükəsizlik və peşəkarlığa da böyük əhəmiyyət verirlər.
Yerli yem və aksesuar brendlərinin yaradılması da iqtisadi baxımdan özünü doğrulda bilər. Ən böyük üstünlük idxal və logistika xərclərinin müəyyən hissəsini azaltmaq, daha münasib qiymət təklif etmək və yerli bazarın tələblərinə uyğun məhsul yaratmaqdır. Məsələn, bütün məhsulları premium seqmentə yönəltmək əvəzinə orta qiymət kateqoriyasında keyfiyyətli yem istehsal etmək daha geniş istehlakçı kütləsinə çıxış verə bilər. Aksesuar sahəsində isə yerli istehsal üçün imkanlar daha genişdir: yataq, boyunbağı, qayış, oyuncaq, daşıma çantası və digər məhsulların bir hissəsini ölkə daxilində istehsal etmək mümkündür”.
“Ancaq yem istehsalında əsas məsələ xammalın keyfiyyəti və davamlı təchizatıdır. Heyvan yemi insan qidası kimi sadəcə qablaşdırılıb satılan məhsul deyil; onun zülal, yağ, vitamin və mineral balansı heyvanın sağlamlığına birbaşa təsir edir. Buna görə yerli brend yaratmaq üçün təkcə ucuz məhsul istehsal etmək kifayət deyil, baytarlıq və qidalanma standartlarına uyğun, etibarlı məhsul yaratmaq lazımdır.
Ümumilikdə, Azərbaycanda pet sektoru hələ böyük sənaye sahəsi səviyyəsində olmasa da, sürətlə formalaşan xidmət və istehlak bazarıdır. Ən böyük potensial yem, baytarlıq, grooming, pet-otel və aksesuar seqmentlərində görünür. İdxaldan asılılığın azalması və yerli brendlərin yaranması isə həm qiymətlərin sabitləşməsinə, həm də yeni kiçik və orta bizneslərin formalaşmasına şərait yarada bilər”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız