Kartdan-karta köçürmədən əsas kim ziyan görəcək? - “Pulu soruşanda deyəcəm, babamdan qalıb...”

saytların hazırlanması

Evə çatdırılma

Kartdan-karta köçürmədən əsas kim ziyan görəcək? - “Pulu soruşanda deyəcəm, babamdan qalıb...”

İqtisadiyyat

04 Avqust 2026 14:01 157


“Bu qərardan toplum olaraq bütün Azərbaycan xalqı narahat olmalıdır. Çünki bu, nağd dövriyyəni artıracaq".

Bunu “Yeni Sabah”a hüquqşünas Əkrəm Həsənov deyib.

O, kartdan-karta ödənişlərə qoyulan məhdudiyyətləri şərh edib. pizza mizza

Bu qadağa ilə bağlı yaranmış ajiotajda nəyin doğru, nəyin yalan olduğunu sıravi vətəndaş ayırd edə bilmir.

Ə.Həsənovun sözlərinə görə, məlum qərardan sonra sahibkarlar bir neçə kart hesabından istifadə etməyə başlayacaqlar:

 “Tətbiq olunan limitlər sahibkarların vergidən yayınmasının qarşısını almaq məqsədi daşıyır. Hamımız görürük ki, sahibkarlar biznes hesablarından yox, şəxsi kartlardan istifadə edirlər. Bu da onların sahibkarlıq gəliri kimi rəsmiləşdirilmir. Bir növ, iş adamları sistemdən sui-istifadə edirlər. Amma bundan sonra sahibkarlar bir neçə kartdan istifadə edəcəklər. Həmin kartlar da başqalarının adına açılmış olacaq. Əsas problem budur ki, bu şəxslər yenidən nağd ödənişlərə üstünlük verəcəklər. Yəni əvvəllər olduğu kimi. Bu, Azərbaycan iqtisadiyyatı, bank sistemi və maliyyə sektoru üçün problem yaradacaq”.

Ekspert qeyd edib ki, son illərdə nağdsız ödənişlərin həcmi artmışdı:

“Nəticədə, itirən dövlət və xalq olacaq. Sahibkar onsuz da bu vəziyyətdən çıxış yolu tapacaq. Sıravi vətəndaşlar üçün isə yalnız cüzi problemlər yaranacaq. Çünki məlum məsələdir Azərbaycan əhalisinin 95 faizinin aylıq kart köçürmələri 20 min manata çatmır. Lakin təsəvvür edin, mən Bakıda yaşayıram və Gəncədə yaşayan bir şəxsə 25 min manat köçürməliyəm. Amma yalnız 20 min manat göndərə bilirəm. Nə üçün? Bu qərar nə dərəcədə doğrudur?”

Ə.Həsənov bildirib ki, dünyanın heç bir inkişaf etmiş ölkəsində belə məhdudiyyətlər tətbiq edilmir:

“Həmin ölkələrdə də eyni problemlər var. Lakin bunun üçün fərqli nəzarət mexanizmləri mövcuddur. Məsələn, hər kəs ildə bir dəfə bütün əmlakı və gəlirləri barədə bəyannamə təqdim edir. Əgər bəyannamədə göstərilən gəlir əmlakına uyğun gəlmirsə, həmin şəxs izahat verməlidir.

Azərbaycanda nəinki sıravi vətəndaş, heç məmur da hesabat təqdim etmirlər. Buna görə də nəzarət etmək mümkün olmur. Dövlət görür ki, məsələn, Əkrəm ay ərzində digər kartlara 1 milyon manat köçürüb. Soruşanda da deyəcəyəm ki, babamdan qalıb, vəssalam. Bəyannamə təqdim etməmişəm və istənilən səbəbi göstərə bilərəm.

Aydındır ki, dövlət bu problemlə mübarizə aparmaq istəyir. Amma məmurlar illik bəyannamə verməyə başlasalar, hamı soruşacaq ki, əynindəki kostyumun qiyməti illik gəlirindən necə çoxdur? Bunu etmirlər deyə, xalqın üzərində eksperiment aparırlar. Hamı bankları günahlandırır, amma yazıq bankların da məqsədi pul qazanmaqdır. Niyə öz fəaliyyətini özü məhdudlaşdırsın? Uzun sözün qısası, bundan sonra insanların böyük hissəsi yenidən nağd pula üstünlük verəcək”.

Qeyd edək ki, Azərbaycanda avqustun 1-dən bank kartları arasında kartdan-karta köçürmələrə limit tətbiq olunub. Azərbaycan Banklar Assosiasiyasının (ABA) məlumatına görə, tətbiq olunan limit bütün kartdan-karta köçürmələrə şamil edilmir. Risk əsaslı yanaşmaya uyğun olaraq, yaxın qohumlara məxsus kartlar arasında həyata keçirilən köçürmələr, eləcə də müştərinin əməliyyatları əsaslandırıldığı və risk profilinə uyğun olduğu hallarda məhdudiyyət tətbiq edilmir. Bundan başqa, hazırkı mərhələdə kartlardan nağdlaşdırma (məxaric) əməliyyatları üzrə hər hansı limit nəzərdə tutulmayıb.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!