Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları Türkiyənin paytaxtı Ankarada keçirilən beynəlxalq tədbirdə ölkəmizi təmsil ediblər.
“Yeni Sabah” xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) dəstəyi və SESRIC-in təşkilatçılığı ilə baş tutan seminar “KOB-lar üçün innovativ maliyyələşmə mexanizmləri üzrə icra strategiyalarının hazırlanması” mövzusuna həsr olunub.
İki gün davam edən seminarda Türkiyə, İordaniya, Malayziya, Mərakeş, Pakistan və Seneqal kimi ölkələrin nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində rəqəmsal kreditləşmə, kraudfandinq, İslam maliyyə alətləri, KOB-ların maliyyə savadlılığı və risklərin idarə edilməsi mövzularında geniş panel müzakirələri aparılıb. pizza hut
Tədbirdə KOBİA nümayəndəsi tərəfindən təqdim edilən Azərbaycanın “KOB evi” modeli xüsusi diqqət çəkib. Sahibkarlara vahid məkanda xidmət göstərən bu innovativ model İƏT-ə üzv ölkələrin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.
Nəticədə seminarın yekun tövsiyə sənədində “KOB evi” modelinin digər İƏT ölkələrində də tətbiq imkanlarının öyrənilməsi öz əksini tapıb.
Telegram kanalımız