“Koroğlu” erməni dastanıdır? - “Tarixlə folklor arasında bərabərlik işarəsi qoymaq olmaz”

saytların hazırlanması

Evə çatdırılma

“Koroğlu” erməni dastanıdır? - “Tarixlə folklor arasında bərabərlik işarəsi qoymaq olmaz”

Mədəniyyət

20 Avqust 2026 12:00 265


Keçmişi və tarixi-mədəni irsi baltalama yarışında ADP sədri Sərdar Cəlaloğlu bir addım irəli çıxıb: “Koroğlu” dastanı erməni dilindən tərcümə olunub”. 

“Sovet dövründə “Koroğlu” dastanının toplanmasında, tərtibində və nəşrində sovet ideologiyasına uyğunlaşdırma məqamları, şübhəsiz ki var. Bu uyğunlaşdırma məqamlarının birincisi ondan ibarətdir ki, dastanda həddən artıq sinfi mübarizə məsələsini şişirdiblər. Türk paşaları və xotkarla dava-şava məsələsi həddən artıq şişirdilib”.

Bunu isə “Yeni Sabah”a filologiya elmləri doktoru, akademik Muxtar İmanov deyib.  Dominos pizza

Onun sözlərinə görə, “Koroğlu” dastanından imtina etmək mümkün deyil:

“19-cu əsrdə polyak şərqşünas Aleksandr Xodzko Londonda nəşr olunmuş, 13 məclisdən ibarət olan varinatı var. Gürcüstan Əlyazmalar İnstitutunda tapılmış və Təbrizdə yazıya alınmış 27 qoldan ibarət nüsxəni də müqayisə etdikdə, belə nəticəyə gəlmək olur ki, “Koroğlu” dastanından imtina etmək mümkün deyil. Bu dastan təkcə Azərbaycanda yox, bütövlükdə Qafqaz, Anadolu və Orta Asiyada bir xeyli xalqın folklorunda yayılıb. 

Sərdar Cəlaloğlu ilə bu nüansda razıyam ki, digər folklor nümunələrimiz kimi, “Koroğlu” və “Qaçaq Nəbi” dastanları sovet ideologiyasına uyğunlaşdırılmış şəkildə nəşr olunub. Amma dastandan ümumi şəkildə imtina etmək olmaz. Sadəcə dastanın sovet dövründə nəşr olunan nüsxələrinə yenidən baxılmalıdır”.

Folklorşünas əlavə edib ki, sovet dövründə nəşr olunan bütün folklor nümunələrinə yenidən nəzərdən keçirməyə ehtiyac var:

“Mən Folklor İnstitutunda çalışanda bölgələrdə folklor toplanması işini həddən artıq genişləndirdim və çoxlu miqdarda folklor nümunələrini olduğu kimi topladıq. “Koroğlu” dastanı və digər folklor mətnlərimiz o zaman əsl xalq variantına uyğun ola bilər ki, onu dediyim qaydada toplayıb nəşr edək”.

M.İmanov vurğulayıb ki, tarixlə folklor arasında bərabərlik işarəsi qoymaq olmaz:

“Ümumiyyətlə, dünya xalqlarının folklorşünaslığında tarix və folklor məsələsi ən mübahisəli məsələlərdən biridir. Belə bir yekdil fikir var ki, hər hansı bir tarixi fakt, hər hansı bir tarixi şəxsiyyət folklor üçün nüans olaraq gərəkdir. Xalqın təfəkküründə lap qədim dövrlərdən kodlanmış arxetiplər, obrazlar var. Məsələn, qəhrəman obrazını xalq “Kitabi-Dədə Qorqud” dastanında Qazan xanın, “Koroğlu” dastanında isə Koroğlunun timsalında təsvir edir. Qazan xan haqqında fikirlər var ki, Hülakü sərkərdələrindən biridir. Koroğlu isə Cəlalilər hərəkatı ilə bağlanılır və tarixi şəxsiyyət olması haqqında məlumat var. 

Amma bütün bu faktlar əsas vermir ki, “Kitabi-Dədə Qorqud” dastanında təsvir olunan Qazan xanı Elxani Qazan xanla eyniləşdirək. Eləcə də qətiyyən demək olmaz ki, dastanın baş qəhrəmanı olan Koroğlu Cəlalilər hərəkatının simalarından olan Koroğludur. Hər şeydən öncə hər iki dastan həmin tarixi şəxsiyyətlərin fəaliyyət göstərdiyi dövrlərdən qat-qat daha qədimdir. Onlar yalnız xalqa material olaraq lazımdır. Tarixlə folklor arasında bərabərlik işarəsi qoymaq olmaz”.

Xatırlatma: Sərdar Cəlaloğlunun Azərbaycan xalq qəhrəmanları, xüsusilə də Qaçaq Nəbi, Koroğlu və digərləri ilə bağlı səsləndirdiyi fikrilər müzakirə mövzusu olub. O, Koroğlu və bir neçə tarixi şəxsiyyətlə bağlı müxtəlif zamanlarda müxtəlif fikirlər səsləndirib:

“Bizim əlimizdə olan Koroğlu dastanında o, türk sultanlarını, xanlarını qırır. Türk hakimiyyətinə qarşı mübarizə aparır. Bizdəki variant erməni variantıdır. O dildən tərcümə olunub. Tərcüməçisi Təhmasibdir. Xalq niyə bu gündədir? Çünki sağını-solunu tanıya bilmir. Dostunu, düşmənini bilmir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!