“İlk olaraq magistraturada boş yerlərin qalması məsələsinə toxunmaq istəyirəm. Düşünürəm ki, bunun əsas səbəblərindən biri işəgötürənlərin daha çox bakalavr diplomu, iş təcrübəsi, beynəlxalq sertifikatlar və birbaşa vakansiya üzrə bacarıqlara önəm verməsidir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında ixtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev deyib. O bildirib ki, bəzi magistr ixtisasları əmək bazarının müasir tələblərinə cavab vermir:
“Bu tələbləri görən namizədlər — tələbə və ya gənclər — magistraturada 2 il vaxt itirməkdənsə, beynəlxalq sertifikat əldə edərək daha qısa müddətdə daha çox iş imkanı qazanmağı üstün tuturlar. Bu hal xüsusilə İT, marketinq, biznes və iqtisadiyyat sahələrində daha aydın nəzərə çarpır. Məhz bu amil bakalavr məzunlarının yerli magistratura təhsilinə marağının azalmasının başlıca səbəblərindəndir. Dominos pizza
Digər tərəfdən, bəzi magistr ixtisasları əmək bazarının müasir tələblərinə cavab vermir. Çünki bir çox halda bakalavr dərəcəsini bitirən tələbələr magistraturada yeni bilik və bacarıqlara yiyələnmədiklərini bildirirlər. Əlbəttə, rəhbər vəzifələrə təyinatlar kimi bəzi sahələrdə magistr dərəcəsi, beynəlxalq sertifikat və iş təcrübəsi hələ də xüsusi rol oynayır”.
A.Vəliyev vurğulayıb ki, gənclər daha çox xarici universitetlərdə magistr və ya doktorantura təhsili almağa meyl edirlər:
“Nəzərə almaq lazımdır ki, gənclərimiz daha çox xarici universitetlərdə magistr və ya doktorantura təhsili almağa meyl edirlər. Onlar hesab edirlər ki, xaricdə təhsil almaqla həm bilik və təcrübələrini artıracaq, həm də gələcəkdə iş tapmaq imkanlarını genişləndirəcəklər.
Bu problemi həll etmək üçün təhsil müddətinin azaldılması və beynəlxalq təcrübənin tətbiqi faydalı ola bilər. Magistr təhsilini ixtisaslardan asılı olaraq 1 il, 1.5 il və 2 il kimi müddətlərə ayırmaq mümkündür. Məsələn, 1 il və 1.5 illik modellər tətbiq edilərsə, xaricə gedən tələbələrin bir hissəsi yerli ali təhsil müəssisələrinə üstünlük verə bilər və bu proqramları bitirənlər daha çox praktiki fəaliyyətə yönələrlər. 2 illik model isə daha çox elm və tədqiqat sahəsində irəliləmək, doktoranturaya hazırlanmaq istəyən tələbələr üçün nəzərdə tutula bilər.
Son olaraq, müasir dövrdə qısamüddətlilik vacib amildir. Bir çox peşə üzrə kurslar və özəl təhsil müəssisələrində təklif olunan qısamüddətli proqramlar böyük tələbat görür. Bu proqramların üstünlüyü tədris prosesinin cəld tamamlanması və yeni təlim modellərinin təhsilə daha sürətlə inteqrasiya olunmasıdır”.
Qeyd edək ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanda magistratura təhsilinin müddətinin 2 ildən 1 ilə endirilməsini təklif edib:
“Hər il Azərbaycanda bəzən 4.000, bəzən daha çox magistraturada boş yerlər qalır. Bunun əsas səbəblərindən biri gənclərin 2 il oxumaq istəməməsi ilə bağlıdır. Bu müddət uzundur”.
Nazim Hacıyev
Telegram kanalımız