Məktəb direktorları və direktor müavinləri gələcəkdə əsasən sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlər arasından seçiləcək.
"Yeni Sabah" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev məktəb direktorları və direktor müavinlərinin fəaliyyəti ilə bağlı sualı cavablandırarkən deyib.
Nazirin sözlərinə görə, hazırda da direktor və direktor müavinlərinin təyin olunmasında sertifikasiya nəticələri nəzərə alınır və yüksək bal toplayan şəxslər arasından seçim edilir. Dördpendirli pizza
Emin Əmrullayev bildirib ki, uzunmüddətli perspektivdə məktəb direktorları və direktor müavinlərinin məhz sertifikasiyada yüksək nəticə göstərmiş şəxslərdən olması nəzərdə tutulur.
“Bu o deməkdir ki, məktəb direktoru və direktor müavini ən yaxşı müəllimlərdən olmalıdır”, - deyə nazir vurğulayıb.
Direktor və direktor müavinlərinin əməkhaqqının artırılması məsələsinə də toxunan nazir qeyd edib ki, bu məsələ ayrıca yanaşma tələb edir. Onun sözlərinə görə, dövlət vəzifələrində çalışan şəxslərin əməkhaqqına adətən ümumi yanaşma tətbiq olunur.
Əmrullayev bildirib ki, gələcəkdə adambaşına maliyyələşmə modelinə keçid mümkün olarsa, bu məsələyə həmin çərçivədə də baxıla bilər. Ümumi əməkhaqqı artımı olduğu halda isə direktor və direktor müavinlərinin maaşları ilə bağlı məsələlər də aidiyyəti qurumlarla müzakirə ediləcək.
Aytac Əliyeva
Telegram kanalımız