Milli Məclisin plenar iclasında “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. 5 fəsil və 27 maddədən ibarət olan sənəd vəzifəli şəxslərin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, dövlət və ictimai maraqların qorunması, eləcə də cəmiyyətdə dövlət institutlarına etimadın möhkəmləndirilməsi məqsədilə maraqlar toqquşmasının qarşısının alınması və nəticələrinin aradan qaldırılması mexanizmlərini tənzimləyir. Layihə həmçinin vəzifəli şəxslərin səlahiyyətlərini icra etdikləri və ondan sonrakı dövrdə tətbiq edilən məhdudiyyət və qadağaları müəyyənləşdirir.
"Yeni Sabah" xəbər verir ki, sənədə əsasən, maraqlar toqquşmasının idarə edilməsi vicdanlı davranış, dövlət və ya ictimai maraqların üstünlüyü, risklərin erkən aşkarlanması və çevik cavab tədbirləri, şəffaflıq, etimad hüququnun qorunması, hesabatlılıq və məsuliyyət, eləcə də dürüstlük, obyektivlik və qərəzsizlik prinsiplərinə söykənir.
Layihədə maraqlar toqquşmasının qarşısının alınması istiqamətində bir sıra ilkin tədbirlər də nəzərdə tutulub. Buraya vəzifəli şəxs tərəfindən aktivlərin özgəninkiləşdirilməsi, qanunla müəyyən edilmiş hallar istisna olmaqla konkret iş üzrə qərar qəbulu prosesində iştirakdan imtina edilməsi, qanunvericiliklə qadağan olunmuş təkliflərin rədd edilməsi və maraqlar toqquşması aradan qalxmadıqda vəzifədən azad olunma ilə bağlı müraciət edilməsi daxildir. Elektronika məhsulları
Qanun layihəsi yekun olaraq qəbul ediləcəyi təqdirdə dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minəcək.
Nazim Hacıyev
Telegram kanalımız