Azərbaycanın səhiyyə sistemində mühüm kadr yerdəyişməsi baş verib. TƏBİB-in tabeliyində fəaliyyət göstərən “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi”nin direktoru Mirələm Cəlalov tutduğu vəzifədən azad olunub.
“Yeni Sabah” xəbər verir ki, məlumata görə, bununla bağlı müvafiq əmr artıq imzalanıb.
Mirələm Cəlalov bu məsuliyyətli vəzifəyə 2023-cü ilin yayında, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birləşdirilməsi prosesindən sonra gətirilmişdi.
Xatırladaq ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi ölkə üzrə bütün təcili tibbi yardım briqadalarının vahid idarəetməsini həyata keçirən strateji bir qurumdur. Mirələm Cəlalovun gedişindən sonra mərkəzə rəhbərliyin müvəqqəti olaraq kimə həvalə ediləcəyi və ya yeni təyinatın kim olacağı barədə hələlik rəsmi məlumat verilməyib. /konkret.az
Telegram kanalımız