Nə soda, nə də sirkə. Duş başlığının xırda dəliklərində yığılan ərpi təmizləmək üçün limon duzundan istifadə etmək olar.
“Yeni Sabah” xəbər verir ki, duş başlığındakı kiçik dəliklərdə zamanla kalsium və maqnezium kimi minerallar toplanır. Bu isə suyun qeyri-bərabər axmasına və təzyiqin azalmasına səbəb ola bilər. Xüsusilə cod sudan istifadə olunan yerlərdə ərp daha tez yaranır. Bu problemin qarşısını almaq üçün soda və sirkədən istifadə edilsə də, limon duzu da təsirli üsullardan biri hesab olunur.
Duş başlığındakı ərpi necə təmizləmək olar? Sezar pizza
Bunun üçün qaba 2-3 xörək qaşığı limon duzu və ilıq su əlavə edin. Mümkündürsə, duş başlığını yerindən çıxarıb hazırladığınız məhlulun içinə tam şəkildə salın. Duş başlığını təxminən 30 dəqiqə-1 saat məhlulda saxlayın. Daha sonra köhnə diş fırçası ilə xüsusilə dəliklərdə qalan ərp qalıqlarını təmizləyin. Sonda duş başlığını bol su ilə yaxşıca yuyun və yerinə taxın.
Duş başlığı çıxmırsa...
Duş başlığını yerindən çıxarmaq mümkün deyilsə, eyni üsulu başqa formada tətbiq etmək olar. Limon duzu və ilıq sudan hazırlanan məhlulu plastik paketə tökün. Paketi duş başlığının ətrafına elə bağlayın ki, başlıq tamamilə məhlulun içində qalsın. Təxminən 30 dəqiqə-1 saat gözlədikdən sonra duş başlığını bol su ilə yaxalayın.
Ərp niyə yaranır?
Duş başlığında ərpin yaranması əsasən suyun codluğu ilə bağlıdır. Suyun tərkibində kalsium və maqnezium çox olduqda duş başlığında və borularda mineral çöküntüləri daha sürətlə yaranır. Zaman keçdikcə bu çöküntülər dəlikləri qismən və ya tamamilə bağlanır, nəticədə suyun axını zəifləyir.Duş başlığının mütəmadi təmizlənməsi isə güclü çöküntülərin yaranmasının qarşısını almağa kömək edir.
Ərpin qarşısını necə almaq olar?
Duş başlığını ayda ən azı bir dəfə təmizləyin.
İstifadədən sonra başlığın üzərində qalan suyu mümkün qədər qurulayın.
Dəlikləri vaxtaşırı yoxlayın və kiçik çöküntüləri vaxtında təmizləyin.
Suyun mineral tərkibi yüksəkdirsə, su filtri və ya ərpə qarşı sistemlərdən istifadə etməyi nəzərdən keçirin.
Əsmətxanım Rzazadə
Telegram kanalımız