“Pedaqoji ixtisaslarda boş yerlərin qalması məsələsinə bir neçə aspektdən yanaşmaq mümkündür. Birinci istiqamət odur ki, gənclər arasında pedaqoji istiqamətlərə maraq həddən artıq azalıb. Onlar həm müəllimlərin çəkdikləri əziyyəti görürlər, həm də bu əziyyət qarşısında əməkhaqlarının azlığını müşahidə edirlər”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib. O bildirib ki, müəllim nüfuzunun yüksəldilməsi, əməkhaqlarının artırılması bəlkə gələcəkdə bu istiqamətdə müəyyən dəyişikliyə gətirib çıxara bilər:
“Bundan əlavə, ali təhsil müəssisəsini bitirdikdən sonra, işə qəbul üçün yenidən imtahan verməli olurlar. Burada isə ümumi iştirakçı sayı ilə çıxarılan vakant yerlər arasında kəskin şəkildə fərqlər nəzərə çarpır. Ona görə də, abituriyentlərin əksəriyyəti müəllimlik sahəsində kənar durur. Son olaraq, süni intellektin gələcəkdə pedaqoji sahələrə də təsir göstərəcəyini nəzərə alaraq, həmin sahələrdən kənar qərar vermələrinə gətirib çıxarır. Bu faktor təhsilə ciddi zərər vuracaq. Müəllim nüfuzunun yüksəldilməsi, əməkhaqlarının artırılması bəlkə gələcəkdə bu istiqamətdə müəyyən dəyişikliyə gətirib çıxara bilər”. Pepperoni pizza
Ekspert əlavə edib ki, müəllim olmaq istəyən oğlanların sayı olduqca azdır:
“Digər tərəfdən, cəmiyyət üçün ən acınacaqlı fakt ondan ibarətdir ki, pedaqoji ixtisaslarda oğlan tələbələrin sayı xeyli dərəcədə azalıb. Gələcəkdə bunun fəsadlarını daha dərindən hiss edəcəyik. Kişilərin təhsil sahəsindən çəkilməsi şagirdlərin ümumi davranışlarında və təhsilə yanaşmalarında müəyyən problemlərə gətirib çıxarır. Düşünürəm ki, bu qeyd etdiyim faktla bağlı aidiyyatı qurumlar növbəti illər üçün sadalanan amilləri nəzərə alaraq, əmək bazarında daha çox tələb olan ixtisasların plan yerini artıraraq, pedaqoji ixtisasların plan yerini daha da azaltmalıdır”.
E.Əfəndi vurğulayıb ki, oğlan tələbələr üçün əlavə həvəsləndirici addımlar atmaq olar:
“Biz oğlan abituriyentlərin pedaqoji ixtisaslara marağını artırmaq istəyiriksə, həvəsləndirici addımlar atmalıyıq. Birinci növbədə, həmin ixtisasları ön sıralarda qeyd edən tələbələrə hansısa təqaüdlərin tətbiqi nəzərdə tutula bilər. Bundan əlavə, pedaqoji ixtisasları bitirən oğlan tələbələrin MİQ imtahanında iştirak edərək, topladığı balın müəyyən əmsala vurulması çox yaxşı təşəbbüs olardı. Düzdü, bir çox xanım müəllimlər bu kimi addımların gender bərabərliyini pozduğunu deyir. Amma nəzərə almaq lazımdır ki, hazırda təhsil müəssisələrində çalışan müəllimlərin 81 faizi qadın, 19 faizi isə kişidir. Bu baxımdan, lazımi tədbirlərin görülməsi vacibdir”.
Qeyd edək ki, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı ilkin müsabiqədən sonra 76 yer kimya müəllimliyi, 57 yer biologiya müəllimliyi, 57 yer kimya və biologiya müəllimliyi, 31 yer fizika müəllimliyi, 32 yer riyaziyyat müəllimliyi, 10 yer coğrafiya müəllimliyi, 3 yer isə tarix və coğrafiya müəllimliyi üzrə boş qalıb. Ümumilikdə isə, son illər abituriyentlərin, xüsusən oğlanların pedaqoji ixtisaslara marağı xeyli azalıb.
Nazim Hacıyev
Telegram kanalımız