“Osmanlını şirvanlılar idarə edib” başlıqlı podcast videosu ilə çılğın müzakirə gedir. Halbuki yazıçı Orxan Fikrətoğlu müsahibəsində belə bir fikri ümumiyyətlə deməyib.
“Osmanlı sultanları sufizmə meyilli idi. Onlar digər fənlər kimi, təsəvvüf dərsləri də alırdı. Həmin təsəvvüf qrupları arasında ən geniş yayılmışı xəlvətilik sufi məktəbidir. Bu məktəbin yarandığı yer Şamaxının Avaxıl kəndidir”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi və “Miras Mədəni İrsin Öyrənilməsinə Kömək” İctimai Birliyinin sədri Fariz Xəlilli deyib. pizza sifarişi
Onun sözlərinə görə, dünyadakı sufilərin yarıdan çoxu xəlvəti təriqəti ardıcılıdır:
“Şirvanşahlar Sarayındakı Seyid Yəhya Bakuviyə qədər bütün xəlvəti böyükləri şirvanlıdır. Seyid Yəhyanın özü “Bakuvi” künyəsi daşısa da, şamaxılıdır. Etnik kimlik müstəvisindən baxsaq, xəlvətilik Şirvan, Azərbaycan əsaslıdır. Bu, olduqca geniş yayılmış bir təriqətdir. Bu gün dünyadakı sufilərin yarıdan çoxu xəlvəti təriqəti ardıcılıdır. Əlcəzairdə, Tunisdə, Mərakeşdə, Mavritaniyada, Malidə hökumət nümayəndələrinin əksəriyyəti xəlvətidir.
Orta əsrlərdə həm Ağqoyunlu, həm Osmanlı, həm də Məmlük sarayının yaxınlığında xəlvəti böyüklərinin xanəgahları olub. Müvafiq olaraq, Təbrizdə, Qahirədə və İstanbulda xəlvətilik haqqında yazılan əksər ədəbiyyatlara nəzər yetirsəniz, görərsiniz ki, Osmanlı sarayında digər fənlər kimi, təsəvvüf dərsləri də keçirilirdi. Həmin dövrdə hansı xanəgah daha çox tanınırdısa, dərsi orada alırdılar. Yaxud xanəgah öz xəlifələrindən birini dərs üçün saraya göndərirdi.
Osmanlı dövlətinin quruluşunda belə təsəvvüf meyilləri var. 19-cu əsrdə Sultan Əbdüləzizin sədrəzəmlərindən biri nəqşibəndi təriqətindən olan İsmayıl Siracəddin əş-Şirvaninin oğlu, kürdəmirli Şirvanzadə Rüşdü Paşa idi”.

Arxeoloq əlavə edib ki, xəlvətilikdən fərqli olaraq, nəqşibəndilik Buxara əsaslıdır:
“Bu təriqət məhz Buxara şəhərində yaranıb və yayılıb. 19-cu əsrin əvvəllərində Azərbaycana Dehli və Bağdaddan nəqşibəndilik daxil oldu. Bu təriqətin Azərbaycandakı mərkəzi Kürdəmir olub. Bizim ən savadlı ziyalılarımız bu təriqətə meyilli idi. Məsələn, İsmayıl bəy Qutqaşınlı. Onun qardaşı Hacı Yəhya Qutqaşınlı Məkkədə məskən salmışdı. Laçının Cicimli kəndindən olan Mir Həmzə Nigari “Çaynamə” əsəri ilə sufizmdə yeni bir mərhələ açmışdı. Şimali Qafqazda İmam Şamilin müəllimləri əslən Kürdəmirdən idi. 19-20-ci əsrlərdə Azərbaycanda daha çox nəqşibəndilik yayılmışdı”.
Tarixçi vurğulayıb ki, Seyid Yəhya Bakuvinin nəşinin yandırılması ilə bağlı iddia saxtadır:
“Nəşin yandırılması ilə bağlı məsələ Seyid Yəhya Bakuviyə aid deyil. O, Şirvanda, o cümlədən Bakıda dərin hörmət görüb. Çar Rusiyası dövründə, 1910-cu il hadisələri zamanı onun məzarına zərər vurulub. Bizim arxeoloqlar sonralar həmin yerdə qazıntılar apardığı zaman türbənin içərisindən 18 ayrı şəxsin skeletini tapıb”.
Xatırlatma: yazıçı Orxan Fikrətoğlu “Söhbətgah” yutub verilişində iddia edib ki, vaxtilə Osmanlı İmperiyasına hökmranlıq etmiş 8 sultan xəlvətiyyə məzhəbinin ardıcılı olub.
Nazim Hacıyev
Telegram kanalımız