YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Paşinyanın dediyi sazişdə xəritə məsələsi olmayıb” 

“Paşinyanın dediyi sazişdə xəritə məsələsi olmayıb” 

Siyasət

27 Sentyabr 2022 11:41 5913


“Belovej razılığında xəritələr məsələsi danışılmayıb. Orada SSRİ-nin buraxılması məsələsi ilə yanaşı MDB-nin yaranması məsələsi müzakirə olunurdu”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə deyib.

Politoloq Ermənistanın Baş naziri Nikol Paşinyanın Paris səfəri çərçivəsində Ermənistan-Azərbaycan sərhədlərinin tanınması istiqamətində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, erməni nazir Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edib və buna istinad olaraq da 8 dekabr 1991-ci il Belovej razılığından istinad gətirib.

Qeyd edək ki, həmin razılaşma SSRİ-nin faktiki olaraq dağılması və MDB-nin yaranmasını özündə ehtiva edir.

Ö növbəsində, Z. Əlizadə mövzu ilə bağlı deyib ki, oradakı üç slavyan ölkəsi – Rusiya, Belarus və Ukrayna mövcud sərhədlər daxilində bir-birinin ərazi bütövlüyünü tanıyıb və nəzərdə tutublar ki, SSRİ dövründəki inzibati sərhədlər bundan sonra dövlət sərhədi sayılmalıdır:

“Lakin MDB-nin yaranması barəsində olan və Boris Yeltsin, Ayaz Mütəllibov, Leonid Kravçuk, Nursultan Nazarbayev və digərlərinin iştirakı ilə keçirilən görüşdə deyilib ki, SSRİ-nin inzibati əraziləri dövlət sərhədləridir.

Bundan əlavə, Ermənistanla Azərbaycan BMT-yə girəndə BMT qanunlarına görə, dövlətlər bir-birinin ərazilərinə iddia edə bilməzlər. Onlar da dolayısı yolla ərazi bütövlüyümüzü tanıyıblar. Bu barədə Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da dəfələrlə deyib ki, Ermənistan MDB və BMT-yə girəndə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”.

“Sadəcə, burada bir incəlik var: o da ondan ibarətdir ki, Ermənistan həyasızcasına deyir ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanımışıq, amma Qarabağsız. Çünki Qarabağ 1991-ci ilin sentyabrında artıq öz “müqəddərat”ını təyin etmiş, “referendum” keçirib Azərbaycandan ayrılmışdı. 

Lakin bu, riyakarlıqdır, çünki bu “referendum”u dünyada heç kəs tanımayıb, o cümlədən Ermənistan da. İkincisi isə referendum keçirəndə azad, demokratik şərait olmalıdır, nəinki əlisilahlı banditlər dinc camaata qarşı terror etsinlər. Qarabağda isə “referendum” məhz azərbaycanlılara qarşı terror şəraitində keçirilmişdi və məhz buna görə də dünyada onu heç kəs tanımayıb. Yəni tanınmamış bir şeyi həqiqət kimi sırımaq cəhdi yalnız ondan ibarətdir ki, bunların əllərində başqa sübut yoxdur”, – əlavə edib.

Paşinyanın destruktiv ifadələrindən də söz açan analitik söyləyib:

“O ki qaldı Paşinyanın Qarabağ məsələsini ortaya qoymasına, o, çox gözəl bilir ki, əgər o Qarabağ məsələsindən əl çəksə, ordu da, habelə fəal mütəşəkkil cinayətkar müxalifət də onu bir dəqiqəyə devirib öldürər. Ona görə də Paşinyan Rusiya və eləcə də müxalifətdən çəkindiyinə görə, Qarabağın Azərbaycana məxsusluğunu etiraf etməyə cəsarət etmir”.

“Bəs o niyə Belovej razılığına istinad edib, axı orada sərhədlər və xəritələr barəsində bir şey yox idi” sualına isə müsahibimiz belə cavab verib:

“Sözdür deyir də... Siz Paşinyanın sözlərində hansısa bir məntiq tapmısınızmı? Şuşada hoppanıb yallı gedəndə, deyəndə ki, “Qarabağ Ermənistandır”, o gələcəyi düşünürdü? Yox! Yaxud düşünürdüsə belə, qəsdən elə edirdi ki, vəziyyət gərginləşsin. Yəni burada 2 ehtimal var: ya bilirdi, ya da bilmirdi. Bilmirdisə, demək ki, o qeyri-ciddi adamdır, amma o, əgər Ermənistanın Baş naziridirsə, deməli, nə isə bilir. Bilirsə də, o, işləri elə qururdu ki, hakimiyyətini saxlasın, lakin Ermənistan “Qarabağ yükü”ndən xilas olsun. Çünki “Qarabağ yükü” Ermənistanın bir dövlət kimi inkişafına ciddi şəkildə mane olur”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!