Bir qızın başını bağlamağa, onu müəyyən qəliblərə salmağa, necə geyinməli, necə davranmalı olduğunu öyrətməyə gələndə hamıdan çox danışanlar var. Amma həmin qızın məktəbdə oxuması, ali təhsil alması, öz ayaqları üstündə dayanması, gələcəyini özü seçməsi məsələsinə gələndə niyə bu səslər eşidilmir? Niyə bir qızın saçına, geyiminə, örtüyünə göstərilən həssaslıq onun ağlına, təhsilinə, hüquqlarına və təhlükəsizliyinə göstərilmir?
Bir qızın başını örtmək üçün bu qədər səy göstərənlər onun dünyagörüşünü genişləndirmək, ona kitab oxutdurmaq, elm öyrətmək, öz hüquqlarını tanıtmaq üçün niyə eyni səyi göstərmirlər? Məgər din yalnız qadının geyimindən, saçından, davranışından ibarətdir? Məgər qadının mənəvi dəyəri onun başındakı örtüklə ölçülür?
Ən ağrılı mənzərə isə budur: bəzən azyaşlı qızların təhsildən uzaqlaşdırılması, erkən nikaha yönləndirilməsi, gələcəklərinin başqaları tərəfindən müəyyənləşdirilməsi dini dəyərlərlə əsaslandırılmağa çalışılır. Qızın qarşısına kitab qoymaq əvəzinə cehiz siyahısı qoyulur, ona peşə seçmək imkanı vermək əvəzinə ər evindəki vəzifələri öyrədilir. Sanki qız uşağı dünyaya yalnız kiminsə həyat yoldaşı olmaq, kiminsə evini idarə etmək, kiminsə övladlarını böyütmək üçün gəlib. pizza sifarişi
Halbuki qadın əvvəlcə insandır. Onun da arzuları, düşüncələri, istedadı, qorxuları, seçimləri və yaşamaq haqqı var. O, yalnız kiminsə qızı, bacısı, həyat yoldaşı və ya anası deyil. O, özlüyündə bir şəxsiyyətdir. Və heç bir cəmiyyət qadını yalnız başqaları ilə münasibəti üzərindən müəyyənləşdirməməlidir.
Bəs niyə qadının həyatına nəzarət etmək istəyənlər onun həyatını qorumaq məsələsində eyni dərəcədə qətiyyətli deyillər?
Erkən nikah məsələsində haradadır həmin birlik? Uşaqlığı əlindən alınan, məktəbdən ayrılan, özündən qat-qat böyük bir kişinin yanına göndərilən qızın müdafiəsinə kim qalxır? Hələ öz gələcəyini təsəvvür etməyə macal tapmamış bir uşağın qarşısına ailə məsuliyyəti qoyulanda niyə onun hüquqlarını müdafiə edən səslər bu qədər zəif eşidilir?
Bir qızın başını bağlaması onun seçimidir, yaxud ailəsinin və cəmiyyətin təzyiqi altında verdiyi qərardır? Bu sualın cavabını yalnız həmin qızın özü verə bilər. Ancaq bir uşağın təhsil almaq, təhlükəsiz yaşamaq və gələcəyini müəyyənləşdirmək hüququ müzakirə mövzusu belə olmamalıdır. Heç bir dini, adəti və ənənəni uşağın hüquqlarının pozulmasına bəraət qazandırmaq üçün vasitəyə çevirmək olmaz.
Niyə? Niyə qadının geyiminə qarışmaq asandır, amma ona əl qaldıran şəxsin qarşısında dayanmaq çətindir? Niyə bir qadının hansı paltarı geyindiyi müzakirəyə çıxarılır, amma onun hansı şəraitdə yaşadığı, qorxub-qorxmadığı, evində özünü təhlükəsiz hiss edib-etmədiyi eyni maraqla soruşulmur?
Və nəhayət, bir sual: Bir qızın başını bağlamağa bu qədər həssas olanlar, onun qarşısında bağlanan məktəb qapılarına, yarımçıq qalan arzularına və zorakılıqdan göyərən üzünə nə vaxt eyni həssaslıqla yanaşacaqlar?
Çünki qadını həqiqətən düşünmək onun başındakı örtüyü saymaqdan başlamır. Onun insan olduğunu qəbul etməkdən başlayır.
Aytac Əliyeva
Telegram kanalımız