16 Avqust - 05:14
“Qəbrimə baxıb deyirəm ki, Ağamirzə, çaşma...”

“Qəbrimə baxıb deyirəm ki, Ağamirzə, çaşma...”

Şou

24 İyun 2022 16:17 2783


“İnsanın ölməmişdən öncə özünə məzar qazdırmağını çox gözəl qəbul edirəm. Burada nə var ki?”

Bu sözləri Yenisabah.az-a tanınmış meyxanaçı Ağamirzə Məmmədov deyib.

 Sağ ikən özünə məzar qazdıran söz ustadı bildirib ki, bəzi insanlar qəbul etməsə də, o, bu hərəkəti normal qarşılayır:

 “Mən dini barədə demirəm, amma ölməmişdən öncə özünə məzar qazdırmağı müsbət qəbul edirəm. Sağ ikən özünə qəbir qazdıranları tənqid edən 50-60 faiz insanlar elə bilirlər ki, heç vaxt ölməyəcəklər?! Ölüm haqqdır, buna baxmayaraq çox insan düşünür ki, ölməyəcək. Elə bilirlər ki, ölüm qonşu, qohum üçündür, başa düşmürlər bu hər birimizin başına gələcək olan bir şeydir, buna şübhə yoxdur. Qəbir qazdırmaqda məgər pis bir şey var? Hazırlıq görürük. Mən özüm üçün qəbir yeri götürüb qazdırmışam. Bəzən deyirlər ki, bəlkə, təyyarədə partladın parça-parça oldun, ya çayda batdın heç meyitin tapılmadı... O problem deyil, qəbir olsun, içinə qoymağa adam tapılar. Burada pis heç nə yoxdur”.

Ağamirzə vaxtilə şahidi olduğu bir hadisədən sonra özünə qəbir qazdırmaq qərarına gəldiyini qeyd edib:

“Bizim bir dostumuzun yaxını rəhmətə getmişdi, qış ayları idi. Dəfn vaxtı o qədər qar yağmışdı, yollar buz bağlamışdı, maşın gedə bilmirdi. Onlar dəfn zamanı o qədər əziyyət çəkdilər ki, həmin günü mən də bir qərar verdim. Düşündüm ki, qoy mən də öz hazırlığımı indidən görüm. Bu lazımdır, vallah lazımdır. Çox şeyə əvvəlcədən hazırlıq görmək lazımdır, insanların qəlbinə dəyməmək, ətrafındakılarla yaxşı rəftar etmək vacibdir, gərək Allahı bir an belə unutmayasan. Çünki bizə havanı da, suyu da verən məhz odur”.

Meyxanaçı Əməkdar artist Bəhram Bağırzadənin “ölümdən sonra onları basdıracaq adam tapılmayacağı üçün insanlar indidən qəbir qazdırır” fikirlərinə də münasibət bildirib.

O, aktyorun iddiaları ilə qətiyyən razılaşmadığını deyib:

“Mən Bəhram Bağırzadənin bu iddiaları ilə qətiyyən razılaşmıram! Hələ bu günə qədər bir meyit yerdə qalmayıb. Ölən adamın övladları olmasa, kənd camaatı, kənar adam, o da olmasa, dövlət onu basdıracaq. Mən onun fikirləri ilə heç razı deyiləm. Elə şey olar? Hansı meyit yerdə qalır? Ölümdən əvvəl özünə qəbir qazdıranlar buna görə həmin addımı atmırlar. Mən deyən hissi bəlkə də çoxları anlamır. Qazdırdığım qəbrə baxanda hiss etdiklərimi 95 faiz insan başa düşməz. Hər dəfə gedib o qəbrə baxmaq mənim üçün ən böyük nəsihət olur. Mən orada həyatı dərk edirəm, özüm-özümə xatırladıram ki, “Ağamirzə, “çaşma” haçansa sən də buraya qoyulacaqsan, üstünə də daşlar yığılacaq”. Bu mənada mən Bəhram qardaşımızla heç cür razılaşa bilmirəm”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!