Samir Zərbəliyev “avtomobil qalmaqalı” ilə bağlı BÜTÜN SİRLƏRİ AÇDI

saytların hazırlanması

Evə çatdırılma

Samir Zərbəliyev “avtomobil qalmaqalı” ilə bağlı BÜTÜN SİRLƏRİ AÇDI

Sosial

26 Oktyabr 2026 12:01 237


Amerika Birləşmiş Ştatlarından Azərbaycana avtomobil idxalı ilə məşğul olan “Azad Logistics and Shipping” şirkəti ilə bağlı yeni faktlar üzə çıxıb.

“Azad Shipping & Logistics” şirkətinin təsisçisi və keçmiş rəhbəri Samir Zərbəliyev “Yeni Sabah”a açıqladığı nüanslara əsasən bildirib ki, Ramil Tağızadənin iddialarının əksinə olaraq, özünün heç bir şəxsə və ya quruma hər hansı bir borcu yoxdur:

“Ramil ilə ortaqlığımız 2023-cü ilin sonu – 2024-cü ilin əvvəllərində başladı. Həmin dövrdə Ramil “X Logistics” adlı şirkətlə əməkdaşlıq edir və həmin şirkət üzrə dilerlik fəaliyyəti göstərirdi. Mən də o zaman Ramildən avtomobillər alır, subdiler kimi fəaliyyət göstərirdim. pizza sifarişi

Sonradan “X Logistics” şirkətinin sistemində dəyişiklik edildi. Şirkət Ramilə bildirdi ki, yeni sistemə keçid zamanı əvvəlki kabinetdə mövcud olan bütün borclar bağlanmalıdır. Həmin borcun ümumi məbləği təxminən 250.000 ABŞ dolları təşkil edirdi. Eyni zamanda, mənim də həmin şirkətdə, daha dəqiq desək, Ramilin kabinetində 13.500 ABŞ dolları məbləğində qazancım var idi.

Ramil borcu ödəyə bilmədiyi üçün avtomobillərin üzərinə məhdudiyyət qoyuldu və onların çıxarılması dayandırıldı. Öz avtomobillərimi həmin vəziyyətdən çıxarmaq məqsədilə əlimdə olan bütün avtomobilləri sataraq Ramilə təxminən 110.000 ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərdim. Bundan sonra birlikdə “Azad Logistics” şirkətini yaratdıq.

Lakin sonradan mənim məlumatım və razılığım olmadan əvvəlki şirkətə olan qalan borcların “Azad Logistics” şirkətinin vəsaitləri hesabına ödənildiyini müəyyən etdim.

Bundan əlavə, dəfələrlə etiraz etməyimə baxmayaraq, Ramil dilerlərdən nağd pul vəsaitləri alır, lakin həmin vəsaitləri şirkətə təhvil vermirdi. 2026-cı ildə şirkətin maliyyə vəziyyətini hesablayarkən hesabda 700.000 ABŞ dollarından artıq məbləğin çatışmadığını müəyyən etdim.

Şirkətin maliyyə əməliyyatları ilə bağlı şübhələrim yarandığı üçün öz təşəbbüsümlə audit yoxlaması təşkil etdim. Audit nəticələri mənim hesablamalarımın düzgün olduğunu təsdiqlədi.

Həmçinin müəyyən etdim ki, avtomobillərin daşınması üçün nəzərdə tutulan ödənişlər Ramilin şəxsi bank kartına, eləcə də həyat yoldaşı Ülviyyə Tağızadənin bank kartına köçürülür. Bu əməliyyatların şirkətin maliyyə hesabatlarında necə əks olunduğunun və vəsaitlərin təyinatı üzrə istifadə edilib-edilmədiyinin araşdırılmasını zəruri hesab edirəm.

Yaranmış vəziyyətlə əlaqədar 2026-cı il martın 23-də Ramil ilə danışıqlar apardıqdan sonra şirkətdən ayrıldım. Buna baxmayaraq, həmin tarixədək alınmış bütün avtomobilləri müştərilərə təhvil verdim və üzərimə düşən öhdəlikləri yerinə yetirdim.

Şirkətdən ayrıldıqdan sonra özümə yeni şirkət təsis etdim. Ramil isə bizim birlikdə qurduğumuz şirkətin – “Azad Shipping and Logistics” şirkətinin adını dəyişərək “Azad Transport” etdi. Lakin buna baxmayaraq, Azərbaycan Respublikası ərazisində və sosial şəbəkələrdə fəaliyyətini eyni adla davam etdirdi. Mənim qənaətimə görə, sonradan Ramil digər dilerlərin mənimlə əməkdaşlıq etməsinin qarşısını almaq və onları öz şirkətinə cəlb etmək məqsədilə yaranmış problemlərə görə məsuliyyəti mənim üzərimə qoymağa başladı. O, müxtəlif dilerlərin yanında məni günahkar göstərməyə və barəmdə əsassız iddialar yaymağa çalışırdı.

Ramil tərəfindən mənim, yəni Samirin 450.000 ABŞ dolları borcum olduğu iddia edilir. Bu iddianı qəbul etmirəm və bildirirəm ki, mənim heç bir şəxsə və ya quruma belə bir borcum yoxdur. Əgər hər hansı borcun mövcudluğu iddia edilirsə, həmin borcun yaranma səbəbi, məbləği və hansı şəxsə aid olduğu müvafiq maliyyə sənədləri əsasında müəyyən edilməlidir. Mən öz mövqeyimi təsdiqləyən sübutları təqdim etməyə hazıram.

Hazırda öz şirkətimin Dubay filialını açmaq istiqamətində fəaliyyət göstərirəm. Ramilin isə yaratdığı yeni şirkətin fəaliyyəti ilə bağlı problemlər yaşadığını müşahidə edirəm. Bununla belə, hesab edirəm ki, tərəflər arasında yaranmış mübahisə şəxsi münasibətlərə və şifahi ittihamlara deyil, maliyyə sənədlərinə və faktlara əsasən qiymətləndirilməlidir.

Hazırda avtomobil sahibləri avtomobillərin ölkə ərazisinə gətirilməsində çətinliklər yarandığını bildirirlər. Buna səbəb isə Ramil Tağızadənin məsuliyyətsizliyi və yeni şirkətində yaranan borc öhdəliyidir”.

S. Zərbəliyev əlavə edib ki, Ramil Tağızadənin fəaliyyəti dövründə şirkətlə bağlı cərimələr və digər maliyyə öhdəlikləri yarandıqdan sonra Amerikadakı hesab sahibi avtomobilin buraxılışını məhdudlaşdırıb:

“Əlavə olaraq, Mustafa Məmmədov adlı şəxsin özünə məxsus olduğunu bildirdiyi “Mercedes-Benz G-Class” avtomobili ilə bağlı vəziyyəti diqqətinizə çatdırmaq istəyirəm.

Mustafa Məmmədovun 2026-cı il martın 10-da həmin avtomobili aldığını bildirdiyi qeyd olunur. O, Ramil ilə əlaqə saxlayaraq avtomobilin Birləşmiş Ərəb Əmirliklərinə göndərilməsinin nəzərdə tutulduğunu, lakin mövcud müharibə şəraitinə görə daşınmanın bir müddət təxirə salınmasını və avtomobilin anbarda saxlanılmasını xahiş edib.

Mən şirkətdən ayrıldıqdan sonra Ramil həmin avtomobillə bağlı məsuliyyəti öz üzərinə götürdü və avtomobilin daşınmasını yeni şirkəti vasitəsilə həyata keçirəcəyini bildirdi.

Ramilin fəaliyyəti dövründə şirkətlə bağlı cərimələr və digər maliyyə öhdəlikləri yarandıqdan sonra Amerikadakı hesab sahibi avtomobilin buraxılışını məhdudlaşdırdı. Hesab sahibi bildirdi ki, Ramilin yeni şirkəti vasitəsilə alınmış avtomobillərlə bağlı borclar ödənildikdən sonra avtomobilin buraxılmasına icazə veriləcək.

Bundan əlavə, avtomobilin təxminən altı ay anbarda qalması səbəbindən 15.000–20.000 ABŞ dolları civarında saxlama haqqı (storage fee) hesablandığı bildirilib. Bu məbləğin hansı tarixlər və hansı tariflər əsasında hesablandığının rəsmi sənədlərlə təsdiqlənməsi vacibdir”.

Qalmaqallı şirkətin sabiq rəhbəri vurğulayıb ki, sözügedən məsələlərlə bağlı mövqeyini təsdiqləyən mövcud sənədləri, audit nəticələrini, bank köçürmələrini, yazışmaları və digər sübutları təqdim etməyə tam hazırdır:

“Xüsusilə vurğulamaq istəyirəm ki, Mustafa Məmmədovun həmin avtomobilin sahibi olduğunu təsdiqləyən sənədlərin mövcudluğu ilə bağlı ciddi suallarım və narahatlığım var.

Mənim əldə etdiyim məlumata görə, avtomobillə bağlı ödənişlərdə Mustafa Məmmədovun adına rəsmiləşdirilmiş rəsmi ödəniş sənədləri mövcud deyil. Həmin şəxs mobil telefonla danışıq zamanı mənə bildirdi ki, Amerikadan əldə etdiyi “G-Class” avtomobilinin ödənişini evini sataraq əldə etdiyi 65.000–70.000 dollar nağd pul vəsaitini Azərbaycan Respublikasından qeyri-rəsmi yollarla çıxararaq Gürcüstan Respublikasından həyata keçirib. Lakin Gürcüstan Respublikasındakı hesablara baxdıqda müşahidə etdim ki, avtomobil başqa şəxsin adına ödənilib, yəni Mustafaya aid deyil.

Odur ki, həmin şəxsin iddiaları əsassızdır, belə ki, qanunvericiliyə əsasən, avtomobillə bağlı heç bir bank ödənişi Azərbaycan Respublikasının bankları vasitəsilə həyata keçirilməyib. İkinci məsələ odur ki, ödəniş başqa şəxsin adından Gürcüstan Respublikasından həyata keçirilib və bununla bağlı digər şəxsin Gürcüstan Respublikası ərazisində məhkəməyə və digər orqanlara müraciət hüququ yaranıb. Mən bunun inkişafda olan biznes fəaliyyətimin qarşısını almaq məqsədilə aparılan qarayaxma kampaniyası olmasına bir daha əmin oldum.

Bu halların avtomobilin faktiki sahibinin kimliyinin, alış və ödəniş tarixçəsinin, habelə pul vəsaitlərinin hərəkətinin araşdırılmasını zəruri etdiyini hesab edirəm. Bununla belə, qeyd olunan hallar özlüyündə mülkiyyət hüququnun olmadığını və ya qanun pozuntusunun baş verdiyini qəti şəkildə sübut etmir. Bu məsələlər müvafiq sənədlər və səlahiyyətli qurumların araşdırması əsasında müəyyən edilməlidir.

Bu məsələ ilə əlaqədar olaraq, Azərbaycan Respublikasından külli miqdarda pul vəsaitinin çıxarılması və Gürcüstan Respublikası vasitəsilə ödənişlərin həyata keçirilməsi barədə şübhələrimlə bağlı artıq müvafiq dövlət qurumlarına məlumat vermişəm. Həmin vəsaitlərin hərəkətinin, ödənişlərin qanuniliyinin və bu əməliyyatlarda iştirak edən şəxslərin mümkün məsuliyyətinin araşdırılmasını xahiş etmişəm.

Yuxarıda qeyd olunan halları nəzərə alaraq, aşağıdakı məsələlərin obyektiv və hərtərəfli araşdırılmasını vacib hesab edirəm:

1. “X Logistics” şirkətinə olan ilkin borcun, “Azad Logistics” şirkətinin vəsaitləri hesabına ödənilmiş məbləğlərin və bu əməliyyatların hansı əsaslarla həyata keçirildiyinin müəyyən edilməsi;

2. Şirkətin maliyyə vəziyyətində yaranmış 700.000 ABŞ dollarından artıq çatışmazlıqla bağlı audit nəticələrinin və müvafiq maliyyə sənədlərinin araşdırılması;

3. Ramilin şəxsi bank kartına və Ülviyyə Tağızadənin bank kartına köçürülmüş vəsaitlərin mənbəyinin, təyinatının və şirkət hesablarında necə əks olunduğunun yoxlanılması;

4. Mənim barəmdə irəli sürülən 450.000 ABŞ dolları borc iddiasının sənədlərlə əsaslandırılıb-əsaslandırılmadığının müəyyən edilməsi;

5. “Mercedes-Benz G-Class” avtomobilinin faktiki sahibinin, alış və ödəniş sənədlərinin, pul vəsaitlərinin qanunsuz olaraq ölkədən çıxarılmasının və ona kömək etmiş şəxslərin müəyyən edilməsi, həmçinin avtomobilin hazırda Amerikada saxlanılması ilə bağlı yaranmış xərclərin araşdırılması.

Mən bütün bu məsələlərlə bağlı mövqeyimi təsdiqləyən mövcud sənədləri, audit nəticələrini, bank köçürmələrini, yazışmaları və digər sübutları təqdim etməyə hazıram.

Xahiş edirəm ki, göstərilən məsələlər şəxsi iddialar əsasında deyil, obyektiv faktlar, maliyyə sənədləri və qanunvericiliyin tələbləri əsasında araşdırılsın və müvafiq hüquqi qiymət verilsin”.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!