Mingəçevir şəhəri İkinci Vətən Müharibəsində 50-dən çox şəhid verib. Həmin şəhidlərdən, qəhrəmanlıq dastanı yazan Azərbaycan oğullarından biri də əslən Yardımlılı, özü isə Mingəçevir doğumlu olan evin-ailənin tək və subay oğlu Ruslan Nəcəf oğlu Cəfərlidir.
Ruslan Cəfərli müharibəyə, Vətənin müdafiəsinə könüllü yollanan igidlərimizdəndir. Müharibənin ilk günlərində, oktyabr ayının əvvəllərində Suqovuşan istiqamətində şəhid olsa da, nəşi xeyli sonra əldə edilib. Noyabr ayının 21-də nəşi əldə edilən Rusalan Cəfərli Mingəçevir şəhər Şəhidlər Xiyabanında əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra isə üç medalla təltif olunub. Lakin ailəsi, valideynləri tək oğullarının ölkənin ali ordenlərindən biri ilə də təltif olunmasını istəyirlər. Hətta bununla bağlı aidiyyatı qurumlar və şəxslərə də müvafiq müraciətlər ünvanlayıblar. Eyni zamanda, istəyirlər ki, övladlarının adı, xatirəsi əbədiləşdirilsin, Mingəçevir şəhərindəki küçələrdən, eləcə də təhsil ocaqlarından birinə Ruslanın adı verilsin. pizza sifarişi
Həmçinin ailə Bakı və Sumqayıt şəhərlərindən birində evlə-mənzillə təmin olunmalarını istəyir.
Şəhidin anası Tahirə Səti qızı Cəfərovanın dediklərindən:
“Tək və subay oğlumu Vətən yolunda şəhid vermişəm. Nəfəsim kəsilib, arxa-dayağım gedib, bütün arzularım gözümdə qalıb. Bir Allah bilir ötən 3 ilə yaxın müddət ərzində nələr yaşayıram… Mən yaşayıram, mən yaşadım, bundan sonra heç bir ana, heç bir valideyn yaşamasın…Çox çətin və dözülməzdir bala dərdi, oğul itkisi… Bala dərdi nə qədər ağır və əzablı olsa da, bununla belə, övladımla, Ruslanımla Fəxr edirəm. Fəxr edir və qürur duyuram ki, Ruslan kimi bir Vətən fədaisinin anasıyam.
Balam da, könüllü şəkildə Vətəninin müdafiəsinə atılan və bu yolda şəhid olan Ruslanım da ali ordenlərimizdən birini haqq edir. İstəyirəm ki, övladım da yaxın gələcəkdə ali ordenlərimizdən biri ilə təltif edilsin. Bununla həm şəhid balamın ruhu şad edilmiş, sevindirilmiş olar, həm də bir şəhid anası kimi mənim yaralı qəlbimə azacıq olsa belə su səpilmiş, mənə təsəlli, təskinlik verilmiş olar".
A.Zeynalov
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır.
Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Telegram kanalımız