Sovetdən qalma qarajlar sərvətə çevrildi – Qiymətlər rekord həddə

saytların hazırlanması

Evə çatdırılma

Sovetdən qalma qarajlar sərvətə çevrildi – Qiymətlər rekord həddə

Sosial

22 Noyabr 2026 23:42 71


Bakıda vaxtilə avtomobil saxlamaq üçün tikilən sovet dövrü qarajları indi daşınmaz əmlak bazarında kifayət qədər yüksək qiymətə təklif olunur. Üstəlik, bu obyektlərin bir qismi artıq təyinatını dəyişərək avtoyuma, təmir sexi və anbar kimi istifadə edilir. 

Bəs paytaxtda köhnə qaraj almaq istəyənlər nə qədər pul ödəməlidir?  

“Yeni Sabah” xəbər verir ki, satış elanlarının araşdırılması zamanı sovet dövründən qalma qarajların qiymətləri arasında ciddi fərq olduğu üzə çıxıb. Bu fərqdə əsas amillərdən biri obyektin yerləşdiyi ərazidir. İnternet mağaza

Ən yüksək qiymətlərdən biri Nərimanov rayonunda qeydə alınır. Məsələn, Nərimanov metrosunun yaxınlığında yerləşən 27 kvadratmetrlik qaraj 50 min manata satışa çıxarılıb. Həmin rayonda sahəsi cəmi 14,1 kvadratmetr olan başqa bir qarajın qiyməti isə 55 min 300 manatdır. Eyni ərazidə bəzi qarajlar üçün 78 min manat tələb olunur.

Yasamal rayonunda da vəziyyət fərqli deyil. Burada bəzi qarajların qiyməti 80 min manata çatır. Hətta yalnız avtomobil saxlamaq üçün nəzərdə tutulan qarajların ən ucuz təklifləri 25-30 min manatdan başlayır.

Paytaxtın digər ərazilərində isə qiymətlər nisbətən aşağıdır. Binəqədi, Suraxanı və Sabunçu rayonlarında, eləcə də Sumqayıt şəhərində bu tip obyektlərə 10-20 min manat aralığında təkliflər var. Bununla belə, qarajın təyinatı da qiymətə təsir edir. Məsələn, Binəqədidə avtoyuma məntəqəsinə çevrilmiş qarajın qiyməti 25-30 min manat civarındadır.

Hazırda belə obyektlərdən yalnız avtomobil saxlamaq üçün deyil, həm də təmir sexi, avtoyuma, anbar və digər kommersiya məqsədləri üçün istifadə olunur. Bəzi əmlak mütəxəssisləri isə daşınması mümkün olan qarajları gəlir əldə etmək üçün əlverişli yatırım vasitəsi hesab edirlər.

Beləliklə, bir vaxtlar avtomobili qorumaq üçün tikilən sadə metal və beton qarajlar bu gün yerləşdiyi ünvandan asılı olaraq on minlərlə manat dəyərində əmlaka çevrilib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!