Beş il əvvəl 1000 manata qızıl alsaydınız, bu gün həmin qızılın dəyəri 2200 manatdan çox olardı. Eyni məbləği səhmlərə yatırsaydınız, 800 manatadək, bank depozitinə yerləşdirsəydiniz isə 500 manatdan çox gəlir əldə edə bilərdiniz.
Bəs hazırda vətəndaşlar pullarını harada saxlayırlar? Vəsaitlərini artırmaq üçün hansı investisiya üsullarına üstünlük verirlər?
"Yeni Sabah" xəbər verir ki, Baku TV bu suallarla bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. İnternetdən sifariş
"İndi pulum yoxdur, ona görə də bilmirəm. Amma pulu evdə saxlamaqla heç bir qazanc əldə etmək mümkün deyil", - deyə sakinlərdən biri bildirib.
Başqa bir sakin isə ən yaxşı investisiya vasitəsinin daşınmaz əmlak olduğunu düşünür:
"Məncə, ən yaxşı investisiya növü daşınmaz əmlak və torpaqdır. Torpaq aldıqda gələcəkdə ondan kənd təsərrüfatında istifadə etmək və qazanc əldə etmək mümkündür. İkinci seçim isə qızıl və digər qiymətli metallar ola bilər".
İqtisadçı Xalid Kərimli bildirib ki, riskli investisiya alətlərini seçərkən həm qazanc, həm də itki ehtimalları nəzərə alınmalıdır. Risk səviyyəsi yüksəldikcə gəlir əldə etmək imkanları artsa da, ilkin vəsaitin bir hissəsini və ya hamısını itirmək ehtimalı da artır.
Ekspertin sözlərinə görə, vəsaiti evdə saxlamaq ən əlverişsiz variantlardan biridir. İlk baxışdan bu üsul risksiz görünsə də, inflyasiya səbəbindən pulun real dəyəri zamanla azalır:
"Vəsaiti evdə saxlamaq ən əlverişsiz variantdır. İlk baxışdan risk ən aşağı səviyyədə görünür. Ancaq nəzərə almaq lazımdır ki, evdə saxladığımız pul nominal olaraq əvvəlki məbləğdə qalsa da, inflyasiya səbəbindən hər il öz dəyərini itirir. Yəni vəsaiti evdə saxlamaqla nəinki onu artırmaq mümkün olmur, hətta real alıcılıq qabiliyyətinin azalması ilə üzləşirik".
Mütəxəssis qeyd edib ki, nisbətən az riskli investisiya istiqamətlərindən biri də qızıl almaqdır. Bununla belə, qızılın qiymətinin aşağı düşə biləcəyi də nəzərə alınmalıdır.
"Azərbaycan vətəndaşları üçün digər investisiya istiqaməti bank depozitləridir. Xüsusilə illik faiz dərəcəsi 12 faizə qədər olan manat depozitləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Bu o deməkdir ki, müəyyən edilmiş şərtlər çərçivəsində 12 faizə qədər faizlə yerləşdirilən əmanətlər sığortalanır. Daha böyük məbləğdə investisiya etmək istəyirsinizsə, bu zaman bankın riskini də nəzərə almalısınız", - deyə iqtisadçı vurğulayıb.
Telegram kanalımız