Naxçıvanda Möminə Xatun türbəsinin bərpasının xarici şirkət tərəfindən həyata keçirilməsinə tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, Elçin Əliyev sosial şəbəkə hesabında paylaşdığı yazıda Azərbaycanda memarlıq abidələrinin bərpası sahəsində yerli şirkətlərin formalaşmamasını sual edib.
O qeyd edib ki, “Atelier Erich Pummer” şirkəti 2008-ci ildən Azərbaycanda fəaliyyət göstərir və bu müddət ərzində mühüm bərpa layihələrinin əhəmiyyətli hissəsinin eyni şirkətə həvalə edilməsi diqqət çəkir. pizza mizza
“Əgər biz onilliklər ərzində mühüm bərpa layihələrinin əhəmiyyətli hissəsini ardıcıl olaraq eyni şirkətə həvalə ediriksə, bunu onun təcrübəsi və peşəkarlığı ilə izah etmək olar. Amma o zaman ikinci sual yaranır: niyə həmin iki onillik ərzində onunla real rəqabət apara biləcək bir neçə güclü yerli şirkət meydana çıxmayıb?” – deyə professor bildirib.
Elçin Əliyev bu vəziyyəti futbolda eyni komandanın uzun illər çempion olması ilə müqayisə edib. Onun sözlərinə görə, əgər bir nəslin yetişməsi üçün kifayət edən müddətdə sistem öz yerli mütəxəssislərini və şirkətlərini yetişdirə bilməyibsə, problemin səbəbini başqa yerdə axtarmaq lazımdır.
“Cavab aydındır: bu, kiməsə sərf etmir”, – deyə o vurğulayıb.
Professor əlavə edib ki, futbolda topun inhisarçı şəkildə eyni komandaya verildiyi və çempionatı da həmişə həmin komandanın qazandığı bir sistemlə fəxr etmək mümkün olmadığı kimi, bərpa sahəsində də rəqabət mühitinin olub-olmaması araşdırılmalıdır.
Aytac Əliyeva
Telegram kanalımız