Vaxt vardı birlikdə peraşki yeyirdilər... - Münasibətlər elə onda zəhərləndi?

saytların hazırlanması

Evə çatdırılma

Vaxt vardı birlikdə peraşki yeyirdilər... - Münasibətlər elə onda zəhərləndi?

Siyasət

03 İyul 2026 14:57 1013


Ermənistan Milli Məclisin sədri Alen Simonyan bu gün parlament kürsüsündən vida nitqi söyləyib.

O, parlament üzvlərinə birlikdə keçirdikləri illərin tarixi və çətinliklərlə dolu olduğunu qeyd edib, lakin bu müddət ərzində həmkarlarına heç vaxt şübhə etmədiyini deyib. Həm də Milli Məclisin sədri vəzifəsinə namizəd Ruben Rubinyana uğurlar arzulayıb.

“Yeni Sabah” xəbər verir ki, bir gün əvvəl A.Simonyan deputat mandatından imtina etməklə Ermənistanda kiçik siyasi zəlzələ yaradıb. Dördpendirli pizza

O, qərarını jurnalistlər üçün keçirdiyi brifinqdə şəxsən açıqlayıb. A.Simonyan mətbuatda dolaşan şayiələrə aydınlıq gətirərək, bu addımının arxasında Nikol Paşinyanla hər hansı bir siyasi münaqişənin dayanmadığını vurğulayıb; spiker vəzifəsində fəaliyyətini davam etdirmək istədiyini, lakin partiya idarə heyətinin qərarını tam şəkildə qəbul etdiyini bildirib. O əlavə edib ki, Vətəndaş Müqaviləsi partiyasının qəbul etdiyi qərarla bağlı neqativ heç bir düşüncəsi yoxdur:

“Bir az istirahət etmək istəyirəm. Mənim üçün çətin iş dövrü oldu. Unutmayın ki, bu, seçkidən sonrakı parlament idi və həmkarlarımla birlikdə bir çox çətinliklərin öhdəsindən gəldik”.

A.Simonyan gələcək fəaliyyətini Baş nazir Nikol Paşinyanla müzakirə etmədiyini qeyd edib. Buna baxmayaraq, siyasi fəaliyyətini yalnız Vətəndaş Müqaviləsi Partiyasının və Baş nazir Nikol Paşinyanın komandasının bir hissəsi kimi təsəvvür etdiyini vurğulayıb.

İndi Ermənistanda geniş müzakirə olunan budur: N.Paşinyan və A.Simonyan arasından hansı qara pişik keçib?

Vətəndaş Müqaviləsi Partiyasında iki lider arasındakı gərginlik barədə şayiələr mediada vaxtaşırı olaraq qızışdırılırdı. Paşinyanın Simonyanın Ermənistan prezidenti olmaq təklifini rədd etdiyinə dair şayiələr yayılmışdı. Lakin Baş nazirin özü hakim komanda daxilində hər hansı gizli və ya açıq münaqişə barədə məlumatları açıq şəkildə təkzib edib və edir. A.Simonyan  da bildirib ki, hökumət daxilində zaman-zaman fikir ayrılıqları və fərqli fikirlər meydana çıxsa da, heç bir çat yoxdur.

Baş nazir keçmiş spikeri hansı vəzifədə görür?

Nikol Paşinyan brifinqdə deyib ki, Alen Simonyanın siyasi gələcəyi yeni mövzudur və müzakirə olunmalıdır:

“Bu, yeni situasiyadır. Bunu müzakirə edib başa düşəcəyik. Mən bu vəziyyətə hazır deyildim. Əgər indi təklifim olsaydı, bu, onu lap əvvəldən hazırladığım, planlaşdırdığım və təşkil etdiyim mənasına gələrdi. Mən isə bu barədə heç düşünməmişdim”.

Yeri gəlmişkən, Paşinyan parlament seçkisindən sonra birmənalı şəkildə bildirmişdi ki, hökumətin tərkibində heç bir dəyişiklik olmayacaq.

"Simonyan kimdir" - sualını da xatırlayaq: Alen Simonyan 2015-ci ilin mayında Vətəndaş Müqaviləsi Partiyasının idarə heyətinin üzvü seçilərək partiyanın mətbuat katibi olub. 2016-cı ildə bu vəzifəyə yenidən seçilib. 2018-ci ildə Ermənistanda baş verən "məxməri inqilab"dan sonra keçirilən seçkilərdə "Yelk" blokunun siyahısı ilə parlamentə deputat seçilib. Həmin ilin dekabrında keçirilən növbəti seçkilərdə isə "Mənim Addımım" blokundan yenidən mandat qazanıb. 2019-cu ilin yanvarında Ermənistan parlamentinin sədr müavini (vitse-spiker) vəzifəsinə seçilib. 2021-ci ilin avqustundan etibarən Ermənistan parlamentinin spikeri vəzifəsini icra etməyə başlayıb. O, sonuncu parlament seçkilərində "Vətəndaş Müqaviləsi" partiyasının siyahısında 14-cü yerdə idi.

Bir neçə gün əvvəl Vətəndaş Müqaviləsi Partiyasının idarə heyəti gizli səsvermə yolu ilə Ruben Rubinyanı yeni seçilmiş parlament sədri vəzifəsinə namizəd seçib. Alen Simonyan və Vətəndaş Müqaviləsi fraksiyasının rəhbəri Ayk Koncoryan da namizədlər arasında idi.

İndi A.Simonyanı hansı siyasi aqibət gözləyir?

Əgər fikir ayrılıqları barədə şayiələr doğrudursa, o, Vətəndaş Müqaviləsinə alternativ partiya yarada bilər. Digər, lakin ağla az batan fərziyyə eks-skiperin müxalifət sıralarına keçməsidir. Amma hələ ki inandırıcı görünən başqa bir ehtimal da mövcuddur.

Ermənistan cəmiyyəti və mediasında hazırki prezident Vahan Xaçaturyanın səhhətində olan problemlərə görə tezliklə vəzifəsindən istefa verəcəyi ilə bağlı şayiələr geniş vüsət alıb. Tirajlanan məlumatlarda prezident vəzifəsinə ən real namizəd parlamentin spikeri Alen Simonyanın irəli sürüləcəyi iddia olunur.

Hazırda Ermənistan siyasi mühitində müşahidə olunan hadisələr onu göstərir ki, iddiaların reallaşması heç də utopik deyil. Nəzərə alaq ki, 2022-ci ilin yanvarında Ermənistan Prezidenti Armen Sarkisyanın istefasından sonra, Alen Simonyan  1 fevral – 13 mart 2022-ci il tarixləri arasında müvəqqəti olaraq Ermənistan Prezidentinin səlahiyyətlərini icra edib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!