2026-cı il üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmaların sektorlar və vergi növləri üzrə bölgüsü açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, statistikaya əsasən, ümumi vergi daxilolmalarının 78,7 faizi qeyri-neft sektorunun payına düşür ki, bu da 13 milyard 310 milyon manat təşkil edir. Neft sektoru üzrə vergi daxilolmaları isə ümumi məbləğin 21,3 faizini təşkil etməklə 3 milyard 600 milyon manat səviyyəsində müəyyənləşib.
Müxtəlif gəlir növləri üzrə daxilolmaların strukturunda ən böyük pay hüquqi şəxslərin mənfəət vergisinə məxsusdur. Bu vergi növü üzrə büdcəyə 6,6 milyard manat (38,9 faiz) vəsaitin daxil olması nəzərdə tutulub. İkinci yerdə 4,5 milyard manatla (26,4 faiz) əlavə dəyər vergisi (ƏDV), üçüncü yerdə isə 2,4 milyard manatla (14,1 faiz) fiziki şəxslərin gəlir vergisi qərarlaşıb. Bundan başqa, aksizlər üzrə 1,6 milyard manat (9,4 faiz), sadələşdirilmiş vergi üzrə 429 milyon manat (2,5 faiz), hüquqi şəxslərin əmlak vergisi üzrə 376 milyon manat (2,2 faiz), dövlət rüsumu üzrə isə 362 milyon manat (2,1 faiz) daxilolma proqnozlaşdırılır. İnternet mağaza
Hesabatda digər vergi və rüsumlar üzrə göstəricilər də öz əksini tapıb. Belə ki, yol vergisi üzrə 334 milyon manat (2 faiz), mədən vergisi üzrə 151 milyon manat (0,9 faiz), qiymətləri tənzimlənən məhsulların kontrakt qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar üzrə 111 milyon manat (0,7 faiz) vəsait nəzərdə tutulub.
Eyni zamanda, hüquqi şəxslərin torpaq vergisi üzrə 47 milyon manat (0,3 faiz), dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən 15 milyon manat (0,1 faiz), digər daxilolmalar üzrə isə 75 milyon manat (0,4 faiz) büdcə gəliri qeydə alınıb.
Cəlalə Cəlalqızı
Telegram kanalımız