7-ci sinif şagirdləri üçün nəzərdə tutulan “Ədəbiyyat” dərsliyindəki hekayə sosial mediada müzakirələrə səbəb olub. Dərsliyin 90-91-ci səhifələrində yer alan mətndə yaşlı qadını öldürmək istəyən obrazdan bəhs edilir, eyni zamanda spirtli içkinin müsbət xüsusiyyətləri təsvir olunur. Hekayədə şərabın süd və şəkərlə müqayisə edilməsi, onun faydalı içki kimi təqdim olunması diqqət çəkir.
Mətnin elə ilk cümlələrində baş qəhrəmanın yaşlı qadını öldürmək istəyi təsvir edilir: “Şiko başını itirmişdi. Hər dəfə qarını görəndə istəyirdi, onu boğub öldürsün...”. Dərsliyə salınmış hissədə diqqət çəkən əsas məqamlardan biri isə spirtli içkinin açıq şəkildə təriflənməsi və təşviq olunmasıdır. Belə ki, Şiko öz meyxanasına dəvət etdiyi Maqluar qarıya ard-arda şərab içirməyə çalışır və içkinin “faydalarından” danışır: “Axı bu lap süd kimidir. Gördünüz, nə dadlıdır! Mən bundan dalbadal on-on iki qədəh içirəm, heç nə olmur. Şəkər kimidir. Nə mədəyə əziyyət verir, nə də baş ağrıdır, adamın dilinin üstündə yağ kimi əriyib gedir. Bundan faydalı içki tapılmaz!”.
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən təhsil məsələləri üzrə ekspert Elçin Əfəndiyev bildirir ki, bizim bir sıra dərslikdə ciddi nöqsanlar və problemlər var: Məişət texnikası
“İstər texniki, istər elmi, istər dəqiqlik baxımından dərsliklərimizdə ciddi nöqsanlar var. Bu da illərdir deyilir, danışılır, amma yenə də aradan qaldırılmır. Həmin dərsliklərin müəllifləri ordan kənarlaşdırılmayana qədər bu problem davam edəcək.
İrad tutulanda belə, iradı düzgün qəbul etmirlər. Təəssüflər olsun ki, öz bildiklərini doğru kimi qəbul edirlər və nəticədə də belə xoşagəlməz hallar dərsliklərdə öz əksini tapır. Əlbəttə ki, istər 7-ci sinif dərsliyi olsun, istər 11-ci sinif dərsliyi olsun, zərərli vərdişlər, xüsusilə də ölüm, cinayət tərkibli məsələlər dərsliklərdə yer almamalıdır”.
E.Əfəndiyev qeyd edib ki, spirtli içki və digər zərərli vərdişlərlə bağlı məsələlər dərsliklərdə o halda yer ala bilər ki, burdakı məlumatlar maarifləndirmə xarakteri daşısın:
“Yəni bunları etmək olmaz, bunları etmək doğru deyil və s. Yoxsa ki, faktiki olaraq göründüyü kimi 7-ci sinifdə artıq belə iki informasiya və xoşagəlməz halları özündə əks etdirən məlumatlar yer alırsa, demək ki, burda redaktorundan tutmuş müəllifinə qədər hamısı qanunvericiliyin tələbini pozurlar. Həmçinin, təbii ki, bu kimi fikirlər 7-ci sinif şagirdlərinin də ümumi təfəkküründə yer alır, onların şüuruna təsir edir. Bu isə yolverilməz haldır.
Qaldı ki, belə mətnlərdənsə bizim Vətən müharibəsi ilə bağlı hansısa mətnlər, milli vətənpərvərlik ruhunda olan mətnlər kimi materiallar dərsliklərdə yer tapsa, daha məqsədəuyğun olar. Yəni bunu müəlliflər mütləq nəzərə almalıdırlar. Bir daha təkrar edirəm, yəni bizim dərslikləri hazırlayan müəlliflərin ümumi redaksiya heyəti dəyişməyənə qədər bu ciddi texniki qüsurlar qalmaqda davam edəcək”.
Aydan Hacı
Telegram kanalımız