Milli Məclisin bu gün keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov gələn ilin büdcəsini ölkənin neftdən asılılığının azaldılmasında mühüm dönüş nöqtəsi kimi xarakterizə etməyin mümkün olduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, palata sədri gələn il qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda (ÜDM) payının 77 faizdən çox olacağının proqnozlaşdırıldığını və bunun indiyədək ölkə tarixində qeydə alınmış ən yüksək göstərici olduğunu diqqətə çatdırıb.
V.Gülməmmədov 2027-ci ildə dövlət büdcəsi gəlirlərinin 60,6 faizinin məhz qeyri-neft-qaz sektorundan daxil olmasının nəzərdə tutulduğunu və bunun da tarixi maksimum olduğunu qeyd edib. O, 2027-ci ilin dövlət büdcəsinin eyni zamanda hərbi, sosial və investisiya xərclərinin optimal sintezi kimi qiymətləndirilə biləcəyini vurğulayıb. Sərfəli qiymətə məhsullar
Hesablama Palatasının büdcə layihəsini üç əsas istiqamət – qanunvericiliyin tələblərinə uyğunluq, büdcə parametrlərinin etibarlılığı və fiskal dayanıqlığın təmin edilməsi üzrə təhlil etdiyini bildirən qurum rəhbəri sənədlərin strateji sənədlərin tələbləri baxımından nəzərdən keçirildiyini və son iki ayda mərkəzi icra hakimiyyəti orqanları ilə aparılan intensiv müzakirələr nəticəsində büdcə zərfində zəruri dəqiqləşdirmələrin edildiyini bildirib.
V.Gülməmmədov apardıqları təhlillərin büdcə sənədlərinin əhəmiyyətli aspektlər baxımından müvafiq hesablama çərçivəsinə uyğun olaraq əsasən düzgün və etibarlı təqdim edildiyini göstərdiyini qeyd edib.
Fiskal dayanıqlıq məsələsinə toxunan Palata sədri dövlət borcunun ÜDM-ə nisbətinin kritik hədlərdən əhəmiyyətli dərəcədə aşağı səviyyədə idarə olunduğunu vurğulayaraq, suveren fond aktivlərinin malik olduğu likvidlik və kontrtsiklik sığorta funksiyalarının Azərbaycanın yüksək ödəmə qabiliyyətini və borc dayanıqlığını daha da gücləndirdiyini diqqətə çatdırıb.
Nazim Hacıyev
Telegram kanalımız