“Yağıntıların ciddi fəsadları törətdiyi başlıca riskli zonaları mart-aprel aylarında yağan intensiv yağışlar zamanı gördük. Adətən, çökəklikdə yerləşən, kanalizasiya xətti olmayan yaxud məhdud olan ərazilərdə subasma riski daha böyükdür”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, paytaxtın əksər əraziləri yüksək risk altındadır:
“Amma təkcə drenajı olmayan, ötürücü kanalizasiya sistemi quraşdırılmayan ərazilər deyil, hətta şəhərin mərkəzində yeni salınmış infrastrukturda belə ciddi problemlər qaçılmazdır. Bu mənada, mən faktiki olaraq “qırmızı zonalar”dan bəhs etmək istəmirəm və ehtimal formasında danışmağın tərəfdarı deyiləm. Bakının çox ciddi kanalizasiya və drenaj problemi var. Çox təəssüf ki, bu problemin həlli istiqamətində əməli addımlar atılmadı”. pizza mizza
Ekspert əlavə edib ki, mütləq şəkildə drenajlar yenilənməli, yeni kanalizasiya ötürücüləri istifadəyə verilməlidir:
“Məsələn, 1 ay bundan öncə Gürcüstanın paytaxtı Tiflisdə çox ciddi analogiya aparıldı. Yağıntı nəticəsində Tiflisin mərkəzi ərazilərini su basmışdı. Hazırda Tiflisin bütün küçələri qazılıb və kanalizasiya-drenaj xətləri yenilənir. Amma təəssüf ki, bizim müvafiq qurumlar bu problemin aradan qaldırılması üçün sadəcə informasiya mübadiləsinə üstünlük verdi. Bu istiqamətdə konkret praktiki işlər görmək lazımdır. Əks halda payız və qış aylarında gözlənilən yağıntılar yenə çox ciddi fəsadlar yaradacaq”.
Qeyd edək ki, ölkə ərazisində yağıntıların intensivləşməsi küçələrdə suyun səviyyəsinin artmasına səbəb olub. Güclü yağış paytaxt küçələrini keçilməz hala salıb. Yağış suları avtomobillərin hərəkətinə də mane olub.
Nazim Hacıyev
Telegram kanalımız