“Yazdıqlarının üstü bəzək, altı da məlumdur...” Yazıçılarımız 1 milyonluq mükafatdan danışdı

“Yazdıqlarının üstü bəzək, altı da məlumdur...”
Sent 7, 2019 14:01
Oxunma sayı: 178

Qazaxıstanda “Nobel”ə alternativ sayılacaq “Böyük Asiya” mükafatını təsis etmək məqsədilə I Asiya Yazıçılar Forumu keçirilib. Təsis ediləcək mükafatın məbləğinin 1 milyon dollar olacağı bildirilir. Forumda Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar da iştirak edib. Mətbuatda mükafatın təsis edilməsi ilə bağlı təklifi Anarın irəli sürdüyü iddia olunub. 

Azərbaycanlı yazıçılar məsələ ilə bağlı fikirlərini “Yeni Sabah”a  bildiriblər. 

Yazıçı, publisist Pərviz Cəbrayıl:

“Düzü, mən xəbərdən anlaya bilmədim ki, “Nobel” mükafatına alternativ sayılacaq “Böyük Asiya” mükafatını təsis etmək bizim Anarın təklifidir, ya xəbərdə deyildiyi kimi, “Məqsədi Qazaxıstan dövlətini Asiyanın mədəni, ədəbi mərkəzinə çevirmək olan” prezident Qasım-Comərd Tokayevin. Təklifi Anar veribsə, niyə o bu təklifi Azərbaycanda, Azərbaycan prezidentinə verməyib ki, bizim ölkə mədəni, ədəbi mərkəzə çevrilmiş olsun? İnanıram ki, qəbul da edilərdi. Nə isə, bunu bir yana qoyaq. Hətta Anar müəllimin xətrinə alqışlayaq da. Ancaq ədəbiyyatın xətrinə alqışlamağı bacarmayacağam. Aydın məsələdir ki, Asiya ölkələrində söz azadlığı, ədəbiyyata münasibət, azad yazarlara yanaşma hansı səviyyədədir. “Yeddi oğul istərəm” filmində Gəray bəyin Cəlala dediyi bir söz var. Təxminən belədir: “Deyirsən, mən qızı verim sənə, sən də onunla bir yastığa baş qoyub mənim goruma söyəsən?”. İndi təsəvvür eləyin, prezident totalirizmə qarşı əsər yazmış birinin qalib olmasına imkan və 1 milyon dollar pul verir. Ağlınız nəsə kəsirmi? Mənim ağlım kəsmir. Hələ mən məsələnin prosedur incəliklərini bir yana qoyuram. Bu əsərlər hansı meyarlarla seçiləcək, kimlər seçəcək, namizəd göstərəcək, jüri kimlər olacaq, hansı ortaq dilə çevriləcək, onları kim və hansı maliyyə imkanları hesabına çevirəcək və s.  Əlbəttə, vəzifədə olan, haram yollarla yığdığı pulu, canlı resursları başından aşan ağırtonnajlı “yazarlar” yenə irəli düşəcək. Necə ki, bu gün xarici dillərə ancaq onların əsərləri çevrilir, xaricdə ancaq onlar çap olunur. Təbii ki, bununla onlar heç yana çıxa bilməzlər, çünki yazdıqlarının üstü bəzək, altı da məlumdur. Ancaq onların çox asanlıqla “Böyük Asiya” ödülünü ala biləcəyinə inanıram. Mənim romanım Azərbaycanın ən titullu MKM müsabiqəsində iştirak edəndə müsabiqənin təşkilatçısı Nigar xanıma əleyhimə nə qədər zənglər oldu! Adamlar öz yaşından-başından, ziyalı adından utanmayaraq az qala onu hədələyirdilər ki, birdən Pərviz qalib olar. Tərslikdən elə də oldu və buna görə 3 nəfər istefa verdi. O ki qaldı söhbət hansısa 3 min manatdan yox, 1 milyon dollardan gedir və məkan da bu tip eybəcərliklərin üstündə bərqərar olan Asiyadır. O  başqa məsələdir ki, bəlkə hansısa qeyri-müəyyən yaxın üç-dörd əsrdən sonra bizim bu Asiyada da demokratiya qalib gələr, onda fikrimizi bildirərik”. 

Yazıçı Mirmehdi Ağaoğlu:

“Əvvəla bu təklifi Anar yox, Qazaxıstan prezidenti verib. Bu, Qazaxıstan rəsmilərinin özlərinin fikirləridir, yəni qətiyyən Anarın adına çıxılmasın. Mən dünən həmin forum haqqında bir neçə Qazaxıstan saytına baxdım, ora gələn məşhur yazıçıların adları var idi, Anar yox idi.  Orada daha böyük  və tanınmış yazıçılar var idi. Mən orada Anarın adına rast gəlmədim. 

Qazaxıstan forumunun keçirilməsinin məqsədi Şərqin alternativ “Nobel”ini yaratmaqdır. “Nobel”ə alternativ ola biləcəyini düşünmürəm, çünki Qərb bizdən azı 400 il qabaqdadır. Onların böyük ənənələri var, təəssüf ki, bizdə bu ənənələr yoxdur. Təcrübə də onu göstərir ki, Qərbdən gətirilən hər şey Şərqdə “zay” çıxır, deformasiyaya uğrayır.  Amma biz ümid edək ki, bu mükafat deformasiayaya uğramayacaq. Mükafatın məbləği də çoxdur. Bu da təqdirəlayiq haldır. Ümumiyyətlə, ədəbiyyat mükafatlarının çox  olması, Asiyada da yaradılması heç də pis deyil. Bu yaxşı haldır. Amma bu mükafat “Nobel”i əvəz edəcəkmi?  Buna mən şübhə ilə yanaşıram. Əslində, “Nobel”i əvəz etməsi heç lazım da deyil, yetər ki,  müəyyən prinsiplər, qaydalar müəyyənləşdirilsin və o qaydalar  əsasında da mükafatı təqdim etsinlər.

Mükafatda pulun miqdarı da böyük əhəmiyyət daşıyır. Asiya mükafatının 1 milyon dollar olması, fikrimcə qısa müddətdə ona nüfuz qazandıracaq. Amma yenə deyirəm,  İsveç Nobel Akademiyasına fikir versək, onların  neçə yüzillik  akademiyaları olduğunu görərik. Qazaxıstanın elə akademiyaları varmı? Yoxdur. Ümumiyyətlə, şərqdə, hər hansı Asiya ölkəsində elə ənənəsi olan akademiya yoxdur. Qərbdə bunun bazası çox qədimdir. Bu akademiya əsasında da “Nobel” mükafatçısı seçilir, özü də gizli şəkildə, mükəmməl formada. Bunu “Asiya” mükafatında  tətbiq edə biləcəklər, ya yox, bilmirəm.  Çox güman ki, bilməyəcəklər, Şərqdir, tanışlıqla filan seçəcəklər”.  

Araşdırmaçı yazar Dilqəm Əhməd:

Qazaxıstan dövləti neçə illərdir ki, türk dünyasının mərkəzi dövlətinə çevrilmək istəyir. Buna görə də müəyyən addımlar atır. Bu mükafatın da təsisi mənə görə buna xidmət edir. Amma burda mənfi bir şey yoxdur. Ədəbiyyata xidmət edən hər şey dəstəklənməlidir. Üstəlik, ortada pul məbləği də varsa, bu, yazıçılar üçün çox yaxşıdır. Müxtəlif ədəbiyyat mükafatları var, bu da olsun onlardan biri. Amma bunu “Nobel”ə alternativ göstərmək doğru deyil. Nobel ən ali mükafatdır və ona alternativ mümkün deyil. Gərək də yoxdur. Amma “Asiya” mükafatı maraqlıdır. Fərqli bir dünyadır.

Yazıçı Qan Turalı:

Əvvəlcə onu deyim ki, ədəbiyyat sahəsində görülən bütün işləri dəstəkləyirəm. Kimsə yolun üstündə olan daşı ədəbiyyat naminə götürüb kənara qoyursa, onu da dəstəkləyirəm. Qazaxıstan dövlətinin belə təşəbbüslə çıxış etməyi hər bir halda yaxşıdır. Biz bilirik ki, Qazaxıstan kino sahəsində də bir çox işlər görüb, bu sahəyə böyük investisiya da cəlb edib. O ki qaldı “Asiya” mükafatının “Nobel”in yerinə keçməsinə, bu mümkünsüzdür.Çünki ayrı-ayrı ölkələrdə də milli, kifayət qədər nüfuzlu mükafatlar var. Məsələn, Fransada “Qonkur mükafatı” var. Fransa dünya tarixində ədəbiyyat üzrə ən çox “Nobel” alan ölkələrdən biridir, onunla belə “Qonkur” heç vaxt “Nobel”in yerinə keçə bilməyib.  Bu tip mükafatlar Amerikada da, İngiltərədə də var. Nobel artıq  ənənəyə çevrilib,  1900-cü ildən bəri verilir. Bu çox uzun müddətdir. Qazaxıstan kimi geniş ədəbi ənənəsi olmayan, dünya ədəbiyyatı üçün Fransa ilə müqayisə oluna bilməyən ölkənin bunu “Nobel” mükafatının yerinə keçirməsi çox sadəlöhv  yanaşma olardı. Bu utopikdir”. 

Yazıçı “Asiya” mükafatçılarının “Nobel” kimi şəffaf seçilməyəcəyini də bildirib:

“Düzü, “Nobel” mükafatı da o qədər şəffaf keçirilmir, “Nobel” mükafatının tarixində də kifayət qədər nöqsanlar, qara ləkələr var. Məsələn, obyektiv səbəblərdən Frans Kafka mükafatı almayıb, subyektiv səbəblərdən də mükafatı almayan adamlar var:  Cerom Selincer, Erix Mariya Remark, Borxes.  Hər mükafatın tarixində bu tip şeylər olur. O ki qaldı Qazaxıstana, nəzərə alsaq ki, Qazaxıstan demokratik ölkə deyil, oradakı demokratik təsisatlar formalaşmayıb, yerinə oturmayıb mükafatlandırmadakı şəffaflıq da suallar doğuracaq.  Mən başqa bir məqama diqqət çəkmək istəyirəm, hansısa bir Amerika və ya Fransız yazıçısının hansısa üçüncü dünya dövlətinin, diktatorun  əlindən mükafatı alması da ədəbiyyatın bəşəri prinsipləri baxımından çox mübahisəli bir şeydir. Təsəvvür edin, bu mükafatı hansısa bir Amerika yazıçısı alsa, dərhal Amerika mətbuatı yazacaq ki, “Sən bir diktatorun əlindən, insan hüquqları pozulan bir ölkədən mükafat alırsan”. Bu məsələlər o qədər də asan deyil. “Nobel” mükafatını verən İsveçə baxaq, İsveç  dünyanın ən demokratik ölkələrindən biridir. Bütün institutlar şəffafdır, mediası şəffafdır, mükafatın verilməsi prinsipi şəffafdır”.

Əsmətxanım

 

Yenisabah.az