Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı normadan artıq yüklənmiş yük avtomobili aşkarlanıb.
"Yeni Sabah" xəbər verir ki, 99-GU-473 dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinin çəki parametrləri elektron tərəzi vasitəsilə yoxlanılıb.
Yoxlama zamanı müəyyən edilib ki, icazə verilən maksimum kütləsi 32 ton olan nəqliyyat vasitəsinin faktiki kütləsi 66 ton təşkil edib. Beləliklə, avtomobil müəyyən edilmiş maksimum çəki həddini 34 ton, yəni iki dəfədən artıq aşıb. Dominos pizza
Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, normadan artıq yüklənmə nəqliyyat vasitəsinin təhlükəsiz istismarına ciddi təsir göstərir, tormoz məsafəsini uzadır, manevr və dayanıqlıq imkanlarını azaldır. Həmçinin təkərlərə, tormoz və asqı sistemlərinə düşən gərginliyi artıraraq idarəetmənin itirilməsi və ağır yol-nəqliyyat hadisələrinin başverməsi riskini yüksəldir.
Bundan başqa, ağırtonnajlı nəqliyyat vasitələrinin normadan artıq yüklənməsi yol örtüyünün, körpülərin və digər yol qurğularının zədələnməsinə, onların istismar müddətinin azalmasına səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri, eləcə də sürücüləri müəyyən edilmiş çəki normalarına ciddi əməl etməyə və normadan artıq yüklənmiş nəqliyyat vasitələrini istismar etməməyə çağırıb.
Aytac Əliyeva
Telegram kanalımız