Böyük Britaniya kralı III Çarlzın ABŞ-yə son səfəri dünya mətbuatının gündəmini zəbt edib. Lakin bu dəfə diqqət mərkəzində olan sadəcə siyasi müzakirələr deyil, həm də 56 illik böyük bir zaman kəsiyini birləşdirən tarixi kadrlar olub.
“Yeni Sabah” xəbər verir ki, Çarlz hələ 1970-ci ildə - 22 yaşında olanda Uels şahzadəsi kimi Birləşmiş Ştatlara səfər edib.
ABŞ-nin o zamanki Prezidenti Riçard Nikson onu Ağ Evdə qəbul edib. III Çarlz artıq Böyük Britaniya monarxıdır və okianın o tayına bu dəfə şahzadə kimi deyil, kral statusunda gedib. Onu ABŞ Prezidenti Donald Tramp qarşılayıb. III Çarlz 56 ildən sonra eyni otaqda Ağ Ev sahibi ilə görüşüb.
Onu da qeyd edək ki, Britaniya kralı III Çarlzın ABŞ-a rəsmi səfəri çərçivəsində Ağ Evdə keçirilən dövlət ziyafəti yadda qalan anlarla müşayiət olunub. Kral III Çarlz özünəməxsus Britaniya yumoru ilə ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi iddialara incə eyhamlar vurub:
“Cənab Prezident, siz bu yaxınlarda qeyd etdiniz ki, ABŞ olmasaydı, Avropa ölkələri alman dilində danışardı. İcazə verin deyim ki, əgər biz (britaniyalılar) olmasaydıq, siz indi fransızca danışırdınız”.
Qeyd edək ki, III Çarlz Ağ Evdə ən uzun zaman fərqi ilə (56 il) müxtəlif statuslarda qonaq olan nadir dövlət xadimlərindən biri kimi tarixə düşüb.
Nazim Hacıyev

Telegram kanalımız