Ərzaq, yanacaq, kommunal xidmətlər… - Azərbaycanda bahalaşma mənzərəsi

saytların hazırlanması

Evə çatdırılma

Ərzaq, yanacaq, kommunal xidmətlər… - Azərbaycanda bahalaşma mənzərəsi

İqtisadiyyat

29 Oktyabr 2026 11:52 270


Son illər Azərbaycanda vətəndaşların gündəlik xərcləri artıb. Ərzaqdan tutmuş yanacağa, geyimdən kommunal xidmətlərə qədər bir çox sahədə qiymət dəyişiklikləri ailə büdcəsinə təsir göstərir. İnsanlar əvvəlki illərlə müqayisədə eyni məhsul və xidmətlərə daha çox pul xərcləməli olurlar.

Bəs 2020-ci ildən bəri Azərbaycanda ən çox hansı məhsul və xidmətlər bahalaşıb? Qiymət artımı illər üzrə necə dəyişib?

Dövlət Statistika Komitəsinin “Yeni Sabah” ın sorğusuna cavabına əsasən, 2026-cı ilin sentyabrında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvarı ilə müqayisədə 152,9 faiz təşkil edib. Bu isə həmin dövrdə ölkədə ümumi qiymət səviyyəsinin 52,9 faiz artması deməkdir. Sezar pizza

Komitənin məlumatına görə, 2020-ci ildə ümumi istehlak qiymətləri əvvəlki illə müqayisədə 2,8 faiz artıb. 2021-ci ildə bu göstərici 6,7 faiz, 2022-ci ildə 13,9 faiz, 2023-cü ildə 8,8 faiz, 2024-cü ildə 2,2 faiz, 2025-ci ildə isə 5,6 faiz olub.

2026-cı ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.

Qiymət artımının ən yüksək olduğu il isə 2022-ci il olub. Həmin il xüsusilə ərzaq məhsullarında bahalaşma qeydə alınıb. Belə ki, qida məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər 19,5 faiz artıb. 2023-cü ildə bu göstərici 9,6 faiz, 2024-cü ildə 1,3 faiz, 2025-ci ildə 6,8 faiz təşkil edib. 2026-cı ilin ilk doqquz ayında isə ərzaq məhsulları, içkilər və tütün məmulatları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz bahalaşıb.

Bəs son illərdə hansı məhsul və xidmətlərin qiyməti daha çox artıb?

Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlarda 2020-ci ilin yanvarı ilə müqayisədə 2026-cı ilin sentyabrında qiymət artımı qeydə alınan məhsullar arasında düyü, buğda unu, əla növ buğda çörəyi, mal və qoyun əti, toyuq əti, kərə yağı, zeytun və günəbaxan yağları yer alır.

Bundan başqa, alma, armud, göyərti, baş soğan, kartof, şəkər, şokolad və çay kimi gündəlik tələbat məhsullarının qiymətlərində də artım qeydə alınıb. Filtrli siqaretlər də bahalaşan məhsullar sırasındadır.

Qeyri-ərzaq məhsulları və yanacaq sahəsində də qiymət dəyişiklikləri baş verib. Komitənin məlumatlarında Aİ-92 markalı benzin, dizel yanacağı, qızıl və gümüş üzüklər də qiyməti artan məhsullar arasında göstərilib.

Bahalaşma yalnız məhsullarla məhdudlaşmayıb. Soyuq su təchizatı, kanalizasiya, tullantıların daşınması, təbii qaz təchizatı və mərkəzləşdirilmiş isitmə xidmətlərinin qiymətlərində də artım qeydə alınıb. Metro, şəhər və şəhərətrafı avtobuslarla sərnişindaşıma xidmətləri də bu siyahıda yer alıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəricilər 2020-ci ilin yanvarından 2026-cı ilin sentyabrınadək Azərbaycanda ümumi qiymət səviyyəsinin 52,9 faiz artdığını göstərir. Qiymət artımı xüsusilə ərzaq məhsulları və gündəlik tələbat xərclərində özünü göstərib.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!