O vaxt işğal altında olan Cəbrayıl haqda ancaq böyüklərdən eşitmişdi. Ata yurdu Cocuq Mərcanlı kəndi 2016-cı ilin aprelində işğaldan azad edilsə də, Cəbrayıl və cəbrayıllılar erməni terrorundan öz nəsiblərini almışdılar. Ermənilər Xan Çinarı kəsrək, bütün cəbrayıllıların sinəsinə dağ çəkmişdilər. Ermənilər Cəbrayılın kəndlərini viran qoymuşdular. Çırağı çoxdan sönən ocaqların tüstüsü hələ çəkilməmişdi...
Gözünü açandan, ağlı kəsəndən, qulağı eşidəndən ətrafındakı insanlardan ancaq həsrət, niskil dolu sözlər duymuşdu. Qərarını da elə o vaxt vermişdi: Vətən torpağı işğaldan azad olunmayana kimi silahı yerə qoymayacağam!
Asif Kərim oğlu Ataşov 10 aprel 2002-ci ildə anadan olub. Marqarita pizza
Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Asif 2008-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olub. 2019-cu ildə həmin məktəbin 11-ci sinifini bitirib.
Asif Ataşov 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. O, 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. 1 oktyabr 2020-ci il tarixində Tərtər rayonunun Dəmirçilər kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Xırdalan şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Asif Kərim oğlu Ataşov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib
Qorxmaz, cəsur topçu Asif hərbi xidmətə gedərkən sadəcə bir cümlə işlədib: “Anam vətən əmanəti”.
Asifin atası Kərim Ataşov "Respublika" qəzetinə müsahibəsində belə deyib: "Mən özüm də Birinci Qarabağ müharibəsi iştirakçısıyam. Bizim nəsil Qarabağı azad edə bilməsə də, bu bizim oğullara nəsib oldu. Bizim axıra kimi çatdıra bilmədiyimiz işləri övladlarımız həyata keçirdi. Şuşa alınan günü sevincimizin həddi-hüdudu yox idi. Bütün şəhidlərimizin qəbri nurla dolsun".
Anası Şərafət xanım isə haqlı olaraq oğlu ilə qüruru duyur: "Oğlumla qürur duyuram. Şəhidlərimiz bütün xalqın övladlarıdırlar. Asifin ən böyük arzusu ali məktəbə daxil olmaq idi. Kompüter mühəndisi olmaq istəyirdi. Arzuları da özü ilə birlikdə dəfn olundu. Vətəninə çox bağlı idi. 18 yaşında şəhidlik zirvəsinə yüksəldi. Oğlumla fəxr edirəm".
İndi Cəbrayıl Allahın əsir mələyi deyil. İndi Cəbrayılda abadlıq-quruculuq işləri gedir. İndi Cəbrayıl yenidən dirçəlir. Çoxdan bu yerlərdən üz döndərmiş quşlar yenidən doğa yurda dönüb öz şən mahnılarını səsləndirirlrə. İndi Asifin də ruhu şaddır. Axı ata yurdu olan Cəbrayıl azaddır...
A. Zeynalov
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır.
Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Telegram kanalımız