Ayda gələcəkdə qurulması planlaşdırılan yaşayış məntəqələrinin qarşısında gözlənilməz problem yarana bilər. Alimlər bildirirlər ki, Ayın su ehtiyatları böyük əhali üçün uzun müddət kifayət etməyə bilər.
“Yeni Sabah” xəbər verir ki, Harvard-Smitson Astrofizika Mərkəzinin alimləri Ay səthindəki şüşə dənəciklərində milyardlarla ton su ola biləcəyini nəzərə alaraq, bu ehtiyatların müxtəlif sayda insan üçün nə qədər müddət yetəcəyini hesablayıblar. Araşdırmaya görə, Ayda su yalnız içmək üçün istifadə olunmayacaq. Gigiyena, kənd təsərrüfatı, oksigen istehsalı və raket yanacağının hazırlanması da böyük miqdarda su tələb edəcək.
1 milyon insan üçün su cəmi 2,5 il çata bilər pizza mizza
Alimlərin hesablamalarına əsasən, Ayda təxminən 1 milyon insanın yaşadığı yaşayış məntəqəsi mövcud su ehtiyatlarını istifadə qaydasından asılı olaraq 2,5 ildən də az müddətdə tükədə bilər. Əgər Beynəlxalq Kosmik Stansiyada tətbiq olunan təxminən 98 faizlik suyun təkrar istifadəsi sistemi tətbiq edilərsə, həmin su ehtiyatı 1 milyon nəfərlik yaşayış məntəqəsinə təxminən 100 il çata bilər. Lakin alimlər bunun da uzunmüddətli və tam müstəqil yaşayış məntəqəsi üçün kifayət etməyəcəyini bildirirlər.
Əhali azaldıqca su ehtiyatlarının istifadə müddəti də xeyli artır. Hesablamalara görə, 100 min nəfərlik yaşayış məntəqəsi mövcud su ehtiyatlarından təxminən 1000 il, 10 min nəfərlik məntəqə isə 10 min il istifadə edə bilər.
Kənd təsərrüfatı və raket yanacağı da su tələb edəcək
Ayda suya ehtiyac insanların gündəlik tələbatı ilə məhdudlaşmayacaq. Kənd təsərrüfatı, qida istehsalı, oksigen əldə edilməsi və raket yanacağının hazırlanması da su ehtiyatlarının sürətlə azalmasına səbəb ola bilər. Bu səbəbdən alimlər Ayda milyonlarla insanın yaşayacağı böyük şəhərlər əvəzinə, əhalisi daha az olan tədqiqat bazalarının yaradılmasının daha real ola biləcəyini bildirirlər.
Ayın suyu uğrunda rəqabət yarana bilər
Ayın xüsusilə qütb ərazilərindəki su ehtiyatları gələcək yaşayış məntəqələri üçün yanaşı, elmi araşdırmalar baxımından da mühüm hesab olunur. Alimlərin fikrincə, bu su ehtiyatlarında Ayın keçmişi və Yerin yaranması ilə bağlı mühüm məlumatlar ola bilər. Buna görə də onların sənaye məqsədləri üçün istifadəsindən əvvəl ətraflı araşdırılması vacibdir.
Mütəxəssislər həmçinin Ay suyunun gələcəkdə böyük iqtisadi dəyər qazanacağı və bunun ölkələr və şirkətlər arasında ciddi rəqabətə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər. Onlar Ayın su ehtiyatlarının nəzarətsiz şəkildə tükədilməsinin və mümkün mübahisələrin qarşısını almaq üçün bu resurslardan istifadəni tənzimləyən beynəlxalq qaydaların hazırlanmasını vacib hesab edirlər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız