Qobustan qəsəbəsi Bakıdan 65 kilometr məsafədə yerləşir. İnzibati olaraq paytaxtın Qaradağ rayonuna daxil olan qəsəbə Qobustan Milli Parkı və dünyaca məşhur palçıq vulkanları ilə tanınır.
Bu qəsəbəyə ilk ayaq basanda, insanda belə bir təəssürat yaranır ki, sanki hansısa ucqar rayonun əhalisi oluqca sıx olan mərkəzinə gəlmisən. Qaradağ rayonunun əksər qəsəbələrinə xas olan ictimai nəqliyyat problemi və zəif infrastruktur Qobustan üçün da keçərlidir. Əgər şəxsi avtomobil yaxud turistləri daşıyan avtobus yoxdursa, qəsəbənin mərkəzindən qayaüstü rəsmlərin yerləşdiyi Qobustan Milli Parkına piyada getmək demək olar ki, mümkünsüzdür. Ən yaxşı halda “manatlıq” taksilərin xidmətindən yararlanmaq olur. Əlbəttə, əgər turistlər yoxdursa. Onu da qeyd edim ki, qoruq ərazisini ziyarət edənlərin təxminən 80-90 faizi əcnəbi turistlərdir. Xüsusən, Çin, Cənubi Koreya və Yaponiyadan olan qonaqlar üçün ərazini görmək olduqca maraqlıdır.
Əksər hallarda eyni adı daşıdığı üçün Qobustan rayonu ilə qarışdırılan bu qəsəbə Azərbaycan tarixşünaslığında misilsiz əhəmiyyətə malik olan qayaüstü rəsmlərinin vətənidir. Azərbaycanın ən tanınmış və yaxşı öyrənilmiş qayaüstü rəsmləri Qobustanda yerləşir. Bakıda online alış-veriş
Qobustan dağlarında Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şonqardağ və Şıxqaya ərazilərində Daş dövrü və sonrakı dövrlərdə yaşayan insanların həyatına aid sübutlar müəyyən edilib. Qobustanın qayaüstü təsvirləri 1930-cu illərdə aşkarlanıb.
1939-cu ildə arxeoloq İshaq Cəfərzadə Qobustan petroqliflərinin ilk arxeoloji tədqiqatına başlayıb. O vaxtdan İ.Cəfərzadə, C.Rüstəmov, F.Muradova və digər arxeoloqların səyi nəticəsində 1000-dən çox qaya üzərində 7 mindən artıq rəsm, həmçinin qədim yaşayış məskənləri, mağaralar, 40-dək kurqan, 100 mindən çox maddi mədəniyyət əşyaları aşkarlanıb. Daha qədim artefaktlar Mezolit dövrünə aid edilir. Lakin güman edilir ki, burada həyat daha əvvəl mövcud olub və bu da Qobustanı sivilizasiyanın beşiklərindən biri hesab etməyə əsas verir.
Qobustanın qayaüstü təsvirləri müxtəlif dövrlərə aid edilir və eramızdan əvvəl X-VIII minilliyə (digər mənbələrə görə XV-X minilliyə) və orta əsrlərədək olan dövrə aid edilir. Belə böyük tarixi dövrü əhatə etdiyinə görə onlar dünyanın başqa qayaüstü kolleksiyaları arasında yüksək yer tutur. Qobustanın qayaüstü təsvirlərinin inkişaf mərhələləri rəsmlərin mövzularının, tərzlərinin, düzülüşünün, icra texnikasının müxtəlifliyində, həmçinin ta qədim zamanlardan son əsrlərədək bir-birinin üzərində təsvir olunmasında aşkar görünür. Bu sənət nümunələrinin mövzusu bir çox hallarda insanların həyatı ilə bağlıdır. At üstündə və piyada ov təsvirləri, döyüş süjetləri, kollektiv əmək səhnələri, məhsul biçini kimi təsvirlər aşkarlanıb. Azərbaycanın müasir “Yallı” xalq rəqsini xatırladan tək və qrup şəklində mərasim rəqslərinin rəsmləri qorunub saxlanılıb.
Ehtimal ki, bu rəsmlərin bir hissəsinin çəkildiyi dövrdə Qobustanda tropik iqlim hökm sürüb, landşaftı zəngin flora və faunaya sahib olub. Qayaüstü təsvirlərdə son 10 min il ərzində burada yaşayan heyvanların - ceyran, vəhşi keçi, maral, qaban, at və şirlərin, həmçinin quşların, balıqların, ilanların, kərtənkələlərin və müxtəlif həşəratların rəsmlərini görmək mümkündür.
Xatırladım ki, 2007-ci ildə qoruğun bütün dünya üçün əhəmiyyəti nəzərə alınaraq, UNESCO-nun Dünya İrs Komitəsinin 31-ci sessiyasında Qobustanın qayaüstü rəsmlərinin mədəni mənzərəsi Dünya İrsi obyektlərinin siyahısına daxil edilib.
Nazim Hacıyev
Telegram kanalımız