“Qlobal iqtisadiyyatın inkişafı dövlətlər arasında əlaqələrin keyfiyyətindən, nəqliyyat marşrutlarının etibarlılığından və yeni texnologiyaların tətbiq imkanlarından getdikcə daha çox asılı olur.”
Bu fikir Milli Məclisin deputatı Kamaləddin Qafarovun mətbuata açıqlamasında yer alıb.
O, bildirib ki, bu şəraitdə coğrafi mövqeyini real iqtisadi üstünlüyə çevirə bilən ölkələr beynəlxalq əməkdaşlıq sistemində daha fəal rol oynayırlar. “Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Toplantısı Azərbaycanın məhz belə bir inkişaf modelini formalaşdırmaq istiqamətində atdığı addımları təqdim etmək baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin çıxışında nəqliyyat bağlantılarının, rəqəmsal inkişafın və iqtisadi əməkdaşlığın önə çəkilməsi təsadüfi deyil. Asiya ilə Avropa arasında yerləşən Azərbaycan müxtəlif bazarları birləşdirən nəqliyyat və logistika imkanlarına malikdir. Son illərdə bu imkanların genişləndirilməsi istiqamətində görülən işlər ölkənin tranzit potensialını artırmaqla yanaşı, regional iqtisadi münasibətlərin inkişafına da xidmət edir. Beləliklə, Azərbaycanın coğrafi mövqeyi yalnız xəritədəki üstünlük deyil, iqtisadi siyasətin mühüm istiqamətlərindən birinə çevrilir.” pizza hut
Millət vəkili qeyd edib ki, müasir nəqliyyat dəhlizlərinin əhəmiyyəti yükdaşımaların sürəti və həcmi ilə məhdudlaşmır: “Etibarlı marşrutlar istehsalçıların bazarlara çıxışını asanlaşdırır, ticarət xərclərini azaldır və təchizat zəncirlərinin davamlılığını gücləndirir. Dünyada geosiyasi gərginliklərin və logistika problemlərinin artdığı şəraitdə alternativ marşrutların mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın infrastruktur layihələri və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı bu ehtiyaclara cavab vermək üçün əlavə imkanlar yaradır. AQEM çərçivəsində nəqliyyat və bağlantılarla yanaşı, rəqəmsallaşma məsələsinin də diqqət mərkəzində olması inkişafın yeni mərhələsinin tələbləri ilə bağlıdır. Rəqəmsal texnologiyalar gömrük prosedurlarının sadələşdirilməsindən tutmuş məlumat mübadiləsinin sürətləndirilməsinə qədər geniş imkanlar açır. Bu sahədə əməkdaşlıq dövlətlərin iqtisadi əlaqələrini daha çevik və səmərəli edə bilər. Azərbaycanın sədrliyi dövründə bu istiqamətlərin prioritetləşdirilməsi təşkilatın gündəliyinin müasir çağırışlarla uzlaşdırılmasına xidmət edir. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün nəqliyyat və texnologiyalarla yanaşı, insan kapitalının inkişafı da vacibdir. Təhsil və elm sahələrində əlaqələrin gücləndirilməsi yeni biliklərin paylaşılmasına, mütəxəssislərin hazırlanmasına və innovativ təşəbbüslərin yaranmasına şərait yaradır. Turizm isə xalqlar arasında birbaşa təmasları artıraraq iqtisadi fayda ilə yanaşı, mədəni yaxınlaşmaya da töhfə verir. Bu sahələrin eyni əməkdaşlıq çərçivəsində nəzərdən keçirilməsi inkişafın kompleks yanaşma tələb etdiyini göstərir. Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq mövqeyini yalnız siyasi münasibətlər müstəvisində deyil, regional inkişaf və qarşılıqlı fayda prinsipləri əsasında da dəyərləndirməyə imkan verir.”
Telegram kanalımız