Ağstafa şəhəri Səadət Şükürova 3 nömrəli tam orta məktəbdə bıçaqlanan şagirdin son durumu açıqlanıb.
“Yeni Sabah”ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, aprelin 21-də saat 14:10 radələrində 2012-ci il təvəllüdlü şəxs (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd edilib ki, pasiyentə sol budun deşilmiş yarası diaqnozu təyin edilib. İlkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Ağstafa rayon Səadət Şükürova adına 3 nömrəli məktəb də bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.
Bildirilib ki, aprelin 21-də Ağstafa şəhər Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı yüngül xəsarət yetirib:
“Xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib və müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Onun səhhəti məktəb rəhbərliyi tərəfindən nəzarətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.
Aytac Əliyeva
***
10:43
Ağstafada məktəbdə bıçaqlanma hadisəsi baş verib.
“Yeni Sabah” Trend-ə istinadla bildirir ki, Ağstafa Rayon Polis Şöbəsinə rayonun 3 saylı tam orta məktəbinin 8-ci sinif şagirdi U.İ-yə digər məktəbli tərəfindən kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə məlumat daxil olub.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər davam etdirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Bakının 286 nömrəli orta məktəbində 9-cu sinif şagirdi sinif yoldaşının üzərinə spirt tökərək onu yandırıb. Hadisədən sonra məktəb rəhbərliyi dərhal təcili tibbi yardım çağırıb, zərərçəkənə ilkin yardım göstərildikdən sonra o, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı şübhəli şəxs polis tərəfindən saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız