AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) lokomotiv parkını yeniləyir.
Bu barədə "Yeni Sabah"a ADY-dən məlumat verilib.
Bildirilib ki, Çinin “CRRC Ziyang Co., Ltd” şirkəti tərəfindən istehsal olunan AC50 tipli 7 müasir yük lokomotivi Bakıya çatdırılıb. pizza sifarişi
Magistral teplovozlar qabaqcıl texnologiyalar və innovativ dartı sistemləri ilə təchiz edilib. Yüksək dartı gücü və böyük yanacaq tutumu ilə seçilən lokomotivlər ağır tonnajlı yük qatarlarının daha səmərəli və təhlükəsiz idarə olunmasına imkan verir.
Lokomotivlər müasir idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz olunub. Texniki xidmət dövriliyinin 90 gün müəyyən edilməsi onların daha etibarlı və fasiləsiz istismarına şərait yaradır.
Bundan əlavə, iki lokomotivin ard-arda qoşularaq bir lokomotiv briqadası tərəfindən idarə olunması daha çox yükün daşınmasına və əməliyyat səmərəliliyinin artırılmasına imkan verəcək.
AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) müəyyən etdiyi IIIA səviyyəli ekoloji standartlara cavab verir.
Yeni lokomotivlər beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarında istifadə olunacaq.
Qeyd edilib ki, ADY növbəti mərhələdə daha 14 yük lokomotivinin alınması ilə bağlı danışıqlar aparır.
Aytac Əliyeva
Telegram kanalımız