“Zaminlikdən imtina etmək və ya sonradan bu öhdəlikdən çıxmaq hüquqi baxımdan mümkün deyil. Zaminlik bir öhdəlikdir və bu öhdəlik çərçivəsində zamin borclu ödənişi həyata keçirmədiyi halda həmin borcun yerinə ödənişi özü etmək məsuliyyəti daşıyır”.
Bu sözləri “Yeni Sabah”a hüquqşünas Tağı Hüseynov deyib.
Zaminlik institutunun xüsusilə zamin kimi çıxış edən şəxslərin üzləşdiyi hüquqi problemlərdən danışan hüquqşünas qeyd edib ki, zaminlik yalnız borcun ödənilməsinə təminat verməklə kifayətlənmir. pizza sifarişi
O, bildirib ki, məhkəmələr belə hallarda borcun əsas borclu ilə yanaşı zamin tərəfindən də müştərək şəkildə ödənilməsinə qərar verir:
“Məhkəmə praktikada belə işlərə baxarkən çox vaxt qətnamə ilə borcun həm əsas borcludan, həm də zamin olan şəxsdən müştərək qaydada tutulmasını müəyyən edir. Yəni borcun icrası üçün iki tərəf məsuliyyət daşıyır. Lakin əksər hallarda borclu tərəfin nə rəsmi gəliri, nə də əmlakı olmur və bu zaman icra yönləndirilməsi zaminin gəlirinə, xüsusilə əməkhaqqısına tətbiq edilir.
Adətən zamin kimi əməkhaqqı sabit olan şəxslər götürülür və bu da icra prosesində borcun onların gəlirindən tutulmasına imkan yaradır. Beləliklə, borcun icrası əsasən zaminin hesabına həyata keçirilmiş olur.
Əgər zamin məhkəmə qərarı əsasında borcu tam şəkildə ödəyirsə, o zaman onun hüququ yaranır ki, ödədiyi məbləği əsas borcludan tələb etsin. Bu mərhələdə vacib şərt ondan ibarətdir ki, zamin yalnız tam ödənişdən sonra iddia qaldıra bilər. Yarımçıq ödənişlər əsasında regres iddiası irəli sürmək mümkün deyil. Zamin ödənişi təsdiqləyən bütün qəbz və sənədləri toplayaraq məhkəməyə təqdim edir və həmin məbləğin borcludan tutulmasını tələb edir”.
T.Hüseynovun sözlərinə görə, zaminlikdən çıxmaq yalnız kreditorun razılığı və ya daha etibarlı başqa şəxsin zaminliyi ilə mümkündür:
“Zaminlikdən çıxmaq yalnız tərəflərin razılığı ilə mümkündür. Məsələn, zaminin əvəzinə daha yüksək gəlirə və ya əmlaka malik başqa bir şəxsin zaminliyi qəbul edilərsə və bu dəyişiklik kreditor və ya müvafiq qurum tərəfindən təsdiqlənərsə, o zaman əvvəlki zaminlik ləğv oluna bilər. Əks halda, zaminlik öhdəliyi qüvvədə qalır.
Nəticə etibarilə, zaminlik ciddi hüquqi məsuliyyət yaradır və bu öhdəlikdən birtərəfli qaydada imtina etmək mümkün deyil”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız