Bu adətlərlə bayram edənin xərci   1000 manatı keçəcək

saytların hazırlanması

Evə çatdırılma

Bu adətlərlə bayram edənin xərci 1000 manatı keçəcək

Sosial

22 May 2026 17:41 149


Qurban bayramı ərəfəsində ölkədə illərdir yaşadılan adətlərdən biri də nişanlı qızın evinə bayram payının aparılmasıdır.

“Yeni Sabah” xəbər verir ki, bir çox ailələr bu ənənəni davam etdirərək qız evinə qoç, zinət əşyası, şirniyyat xonçası, meyvə səbətləri, tort və müxtəlif geyimlər göndərirlər.

Son illər isə həm təqdim olunan hədiyyələrin çeşidi, həm də bununla bağlı xərclər ciddi şəkildə artıb. Xüsusilə iri marketlərdə və aksesuar mağazalarında xüsusi bəzədilmiş xonçalara böyük maraq var. Sezar pizza

Satıcıların sözlərinə görə, ən çox sifariş verilənlər arasında dekorativ şirniyyat xonçaları, meyvə səbətləri və bayrama uyğun bəzədilmiş tortlar yer alır. Qiymətlər isə məhsulun tərkibi və bəzəyindən asılı olaraq dəyişir.

Belə ki, sadə şirniyyat xonçaları 30-50 manatdan başlayır, xüsusi dizayn edilənlər isə 100 manatdan bahadır. Meyvə xonçalarının qiyməti orta hesabla 40-80 manat arasında dəyişir. Bayram tortları isə çəkisinə və dekoruna görə 25 manatdan başlayaraq daha yüksək məbləğlərə satılır.

Qurbanlıq qoçların qiymətində də artım müşahidə olunur. Bazarlarda qoçlar əsasən 500-1200 manat aralığında təklif edilir. Zinət əşyaları və geyimlər əlavə olunduqda isə bəzi ailələrin bayram xərci 1000 manatı keçir. Bəziləri isə belə adət-ənənələrin lazımsız xərc, israfçılıq olduğunu bildirir və tarixə qovuşmasını təklif edirlər.

Filologiya üzrə fəlsəfə doktoru, folklorşünas İlhamə Qəsəbova “Yeni Sabah”a açıqlamasında bildirib ki, adət-ənənələr xalqın milli kimliyini, mənəvi yaddaşını yaşadır. Onun sözlərinə görə, Qurban bayramında nişanlı qız evinə qurbanlıq və xonça aparılması da illərlə formalaşmış dəyərlərimizdəndir:

“Lakin hər ənənənin əsas mahiyyəti səmimiyyət, paylaşmaq və qarşılıqlı hörmət olmalıdır. Təəssüf ki, son illərdə bəzi hallarda bu gözəl adət mənəvi dəyərdən çox, özünü göstərmək və yarış predmetinə çevrilir. Halbuki ailə qurmağa hazırlaşan gənclər üçün ən vacib olan qarşılıqlı anlayış, sevgi və hörmətdir, bahalı hədiyyələr və ağır maddi yük deyil. İmkan daxilində edilən hər bir jest gözəldir. Amma “el nə deyər?” düşüncəsi ilə insanların borca düşməsi, özünü çətin vəziyyətə salması nə dinimizin ruhuna, nə də milli dəyərlərimizin mahiyyətinə uyğundur”.

Folklorşünas vurğulayıb ki, ənənələri yaşatmaq vacibdir, amma onları ifrata varmadan, mahiyyətini qoruyaraq yaşatmaq daha önəmlidir:

“Hər oğlan ailəsinin arzusudur ki, oğlu üçün qurbanlıq aparsın, qız ailəsinin də arzusu qızı üçün qurbanlıq gətirilməsidir”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!