İspaniyada bir ailə 16 il əvvəl istifadəsiz qalmış torpaq sahəsində öz evini qurub. Günəş panelləri ilə elektrik istehsal edən, suyunu quyudan götürən ailə artıq 16 ildir elektrik və su pulu ödəmir.
“Yeni Sabah” xəbər verir ki, Boris və Roza adlı cütlük təxminən 16 il əvvəl İspaniyada 7 min kvadratmetrlik istifadəsiz torpaqda özlərinə yaşayış yeri qurmağa başlayıblar. İllər ərzində öz imkanları ilə ərazini abadlaşdıran ailə hazırda oğulları Riu ilə birlikdə burada yaşayır. Təxminən 5 il əvvəl isə bu ərazini daimi evlərinə çeviriblər.
Cütlük əraziyə ilk gəldikdə orada heç bir tikili olmayıb. Onlar torpaq, saman və ağacdan istifadə edərək dörd kiçik ev tikiblər. Tikinti zamanı köhnə şüşə butulkalardan və başqa işlənmiş materiallardan da yararlanıblar. Hətta ilk tikililərdən birinin damını izolyasiya etmək üçün köhnə yük maşınının örtüyündən istifadə ediblər. Ailənin yaşadığı ərazidə elektrik və şəhər suyu xətləri yoxdur. Elektrik ehtiyacını həyətlərində quraşdırdıqları günəş panelləri hesabına ödəyirlər. Panellərin istehsal etdiyi elektrik xüsusi batareyalarda toplanır və evin işıqlandırılması, eləcə də məişət cihazlarının işlədilməsi üçün istifadə olunur. Dominos pizza
Su ehtiyacını isə torpağın əvvəlki sahibi tərəfindən əl ilə qazılmış quyudan qarşılayırlar. Şəhər şəbəkələrindən istifadə etməyən ailə qurduğu sistem sayəsində 16 ildir elektrik və su haqqı ödəmir. Lakin bu, onların heç bir xərcinin olmadığı demək deyil. Günəş panellərinə qulluq etmək, batareyaları yeniləmək və digər texniki işlər üçün vaxtaşırı pul xərcləməli olurlar.
Boris və Roza yalnız elektrik və su məsələsində deyil, ərzaq təminatında da özlərindən asılı olmağa çalışırlar. Onlar həyətyanı sahədə tərəvəz yetişdirir, toyuq və digər ev quşları saxlayırlar.
Ailə üzvləri bildirirlər ki, məqsədləri cəmiyyətdən tamamilə uzaqlaşmaq deyil, sadəcə daha az istehlak etmək və təbiətə uyğun yaşamaqdır. Onlar qurduqları yaşayış yerini oğulları Riuya gələcəkdə miras qala biləcək davamlı bir həyat nümunəsi hesab edirlər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız