Hazırda Azərbaycanın 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir.
Bu barədə "Yeni Sabah"a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Agentliyin apardığı monitorinqlər göstərir ki, əhalinin sıx məskunlaşdığı bu bölgələrdə kəsim məntəqələrinin olmaması heyvanların küçələrdə və yol kənarlarında kəsilməsinə şərait yaradır. Bu isə kəsim prosesinə, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində çətinliklər yaradır. pizza mizza
AQTA-nın Mətbuat Katibi Hüsniyyə Həsənova bildirib ki, qanunvericiliyə əsasən, heyvan kəsimi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir kəsim məntəqələrində həyata keçirilməlidir.
Onun sözlərinə görə, 2018-ci ildə ölkədə cəmi 6–10 kəsim məntəqəsi olduğu halda, hazırda bu rəqəm 84-ə çatıb.
Həsənova qeyd edib ki, müasir kəsim məntəqələrinin fəaliyyət göstərməsi identifikasiya olunmuş, mənşəyi və sağlamlıq vəziyyəti məlum olan heyvanların kəsiminin təmin edilməsi baxımından da vacibdir. İdentifikasiya olunmamış və ya baytarlıq nəzarətindən keçməmiş heyvanların kəsim məntəqələrindən kənarda kəsilməsi əhalinin sağlamlığı üçün risk yarada bilər.
AQTA rəsmisi bildirib ki, standartlara cavab verən kəsim məntəqələrinin fəaliyyəti həm kəsim prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkilinə, həm də heyvanların identifikasiyası və izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi və qanunsuz kəsim hallarının qarşısının alınmasına imkan verir.
Agentlik sahibkarları kəsim məntəqəsi olmayan və ya fəaliyyət göstərməyən 33 rayon və şəhərdə müasir tələblərə cavab verən heyvan kəsimi məntəqələri qurmağa çağırıb. Bildirilib ki, AQTA bu istiqamətdə sahibkarlara metodiki, təşkilati və texniki dəstək göstərməyə hazırdır.
Aytac Əliyeva
Telegram kanalımız