18 saylı tam orta məktəbdə təhsil alan şagirdlərin valideynləri uşaqların dərs və əlavə hazırlıqlar səbəbindən səhər tezdən axşama qədər təhsillə məşğul olmasından narazıdırlar.
"Yeni Sabah" xəbər verir ki, sabiq deputat, təhsil eksperti Etibar Əliyev valideynlərin müraciətini sosial şəbəkə hesabında paylaşıb. Valideynlər müraciətdə təhsilin əleyhinə olmadıqlarını, lakin uşaqların gündəlik dərs yükünün onların istirahətinə və normal yuxusuna imkan vermədiyini bildiriblər.
Valideynlərin sözlərinə görə, bəzi şagirdlər səhər saat 05:00-da oyanır, saat 06:00-da evdən çıxır və dərsləri saat 16:00-da başa çatdıqdan sonra daha 3-4 saat repetitor yanına gedirlər. Onlar uşaqların evə yalnız saat 20:00-21:00 radələrində çatdığını qeyd ediblər. Marqarita pizza
Müraciətdə məktəbdəki sanitar qovşaqların vəziyyətindən də narazılıq ifadə olunub. Valideynlər bəzi uşaqların sanitar qovşaqların vəziyyətinə görə məktəbdən kənardakı obyektlərdən istifadə etməyə, hətta bəzən taksi ilə evə getməyə məcbur qaldığını bildiriblər.
Onlar həmçinin ingilis, alman və digər xarici dillərlə yanaşı, çoxsaylı fənlərin tədrisinin uşaqlar üçün ciddi dərs yükü yaratdığını qeyd ediblər.
“Uşaqlar artıq əsəbi olurlar, psixoloji vəziyyətləri yaxşı deyil. 12-13 yaşlı uşaq səhər tezdən axşama qədər dərs oxuyub, daha sonra hazırlığa gedirsə, onun istirahətinə və normal yuxusuna nə vaxt qalır?” – deyə valideynlər sual ediblər.
Valideynlər hesab edirlər ki, təhsilin keyfiyyəti ilə yanaşı, şagirdlərin fiziki və psixoloji rahatlığı, istirahəti və normal inkişafı da nəzərə alınmalıdır.
“Uşaqlar robot deyil ki, səhər tezdən axşama qədər fasiləsiz dərs və hazırlıqla məşğul olsunlar. Biz təhsilin əleyhinə deyilik. Sadəcə olaraq uşaqlarımızın sağlamlığının da nəzərə alınmasını istəyirik”, – deyə onlar bildiriblər.
Aytac Əliyeva
Telegram kanalımız