Havalar soyuduqca qış geyimlərinə tələbat artır. Lakin mağazada qalın və isti görünən hər palto, gödəkçə və sviter soyuqdan qorumaq üçün uyğun olmur. Bəzi geyimlər bir neçə dəfə istifadə edildikdən sonra tüklənir, formasını itirir, rəngi solur və ya gözlənilən istiliyi təmin etmir.
Bəs qış geyimi alarkən hansı detallara diqqət yetirmək lazımdır?
“Yeni Sabah”a mövzu ilə bağlı modelyer-dizayner Şəlalə Maqsudova danışıb. pizza
O, keyfiyyətli və uzunömürlü qış geyimlərinin seçimində materialın tərkibinin əsas rol oynadığını bildirib:
“Keyfiyyətli, isti saxlayan və uzunömürlü palto əsasən təbii parçalardan hazırlanmalıdır. Ən yaxşı materiallar bunlardır: Yun (Kaşmir və ya Tvidd) ən ideal seçimdir. Xüsusilə kaşmir çox yumşaq, yüngül və isti olur. Adi qoyun yunundan hazırlanan paltolar da küləyi buraxmır və çox istilik saxlayır.
Dəri və ya Süet: Dəri paltolar küləyə və suya qarşı davamlı olur, düzgün qulluq edildikdə illərlə köhnəlmir”.
Modelyer təbii və süni xəz arasındakı fərqlərə də toxunub:
“Süni və təbii xəz keyfiyyət, istilik və dayanıqlılıq baxımından bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Təbii xəz ən soyuq havalarda belə mükəmməl istilik saxlayır, çünki canlı dərisidir. Süni xəz isə sintetik liflərdən hazırlandığı üçün şaxtalı havalarda təbii xəz qədər isti saxlamaya bilər. Təbii xəz düzgün qulluq edildikdə keyfiyyətini və təzəliyini qoruyub saxlaya bilir. Süni xəz isə daha tez köhnəlir, zamanla tükləri tökülə və ya parlaqlığını itirə bilər. Təbii xəz "nəfəs alır", yəni havanı buraxır və tərlətmir. Süni xəz sintetik material olduğu üçün bəzən havanı yaxşı keçirmir və bədəni tərlədə bilər.
Təbii xəz nəmə qarşı həssasdır (qar və ya yağışda islanarsa, xüsusi qulluq tələb edir). Süni xəz isə nəmə bir qədər daha dözümlüdür, lakin o da islananda öz formasını itirə bilər”
Ş.Maqsudova qış geyimi alarkən yalnız onun qalınlığına əsaslanmağın düzgün olmadığını da bildirib:
“Qalın görünən hər geyim isti saxlamır. Bu, tamamilə geyimin hazırlandığı materialdan və parçanın tərkibindən asılıdır. Sintetik və şişirtmə materiallar: Bəzi geyimlər içərisinə sadəcə hava doldurulduğu və ya ucuz süni materiallardan istifadə olunduğu üçün çox qalın görünür, lakin soyuq havalarda bədəni isti saxlamır.
Parçanın tərkibi: Əsas olan qalınlıq deyil, parçanın istilik saxlama qabiliyyətidir. Məsələn, incə bir kaşmir və ya təbii yun sviter hətta bir çox qalın sintetik geyimdən daha yaxşı istilik saxlayır.
Buna görə də geyim seçərkən onun nə qədər qalın olduğuna deyil, tərkibində təbii ipin (yun, kaşmir və s.) olub-olmadığına diqqət etmək lazımdır”.
Modelyer bildirib ki, ucuz geyimlərdə ən zəif nöqtələrdən biri aksesuarlardır. Bundan başqa, astarın keyfiyyəti də diqqətdən kənarda qalmamalıdır:
“Ucuz qış geyimi alarkən onun tez sıradan çıxmaması və funksiyasını yerinə yetirməsi üçün bu əsas detallara mütləq diqqət yetirmək lazımdır: Tikişlərin səliqəli, sıx və qoşa olub-olmamasını yoxlayın. Zəif tikişlərdən içliklər çıxa və ya tez sökülə bilər.
Ucuz geyimlərdə ən zəif nöqtə aksesuarlardır.
Astarın keyfiyyəti: Geyimin iç astarının tikişləri dartılmamalı və keyfiyyətsiz, nazik parçadan olmamalıdır ki, qısa müddətdə cırılmasın”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız