Məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib.
“Yeni Sabah” xəbər verir ki, təhlükəsizlik qaydalarına riayət edilməməsi bu nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artmasına və ağır nəticələrə səbəb olur.
Son bir ay ərzində at arabalarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində 1 nəfər həyatını itirib, 3 nəfər isə xəsarət alıb. pizza hut
Belə ki, sentyabrın 22-də Cəlilabad rayonunda sutkanın qaranlıq vaxtı minik avtomobili ilə at arabasının toqquşması nəticəsində arabada olan 3 nəfər xəsarət alıb. Sentyabrın 27-də Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsində isə at arabasını idarə edən şəxs həyatını itirib.
Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, at arabalarının ümumi istifadədə olan yollarda hərəkəti zamanı təhlükəsizlik tələblərinə əməl edilməməsi ağır nəticələrə gətirib çıxara bilər.
Qaydalara əsasən, at arabalarını ümumi istifadədə olan yollarda 14 yaşına çatmış şəxslər idarə edə bilərlər. At arabaları yolun sağ kənar zolağında, mümkün qədər sağ tərəflə və bir cərgədə hərəkət etməlidir.
Görünmə məhdud olan yerlərdə yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan əsas yola çıxarkən araba sürücüsü heyvanı cilovundan tutaraq aparmalıdır. At arabaları işıq əks etdirən qurğularla təchiz edilməli, sürücüləri svetoforun və nizamlayıcının işarələrinə, yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə əməl etməlidirlər.
Həmçinin sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində at arabalarının dəmir yollarından keçirilməsinə yol verilmir.
Baş Dövlət Yol Polisi İdarəsi at arabalarını idarə edən şəxsləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə sutkanın qaranlıq vaxtı görünmə və təhlükəsizlik tələblərinə diqqətlə yanaşmağa çağırıb.
Aytac Əliyeva
Telegram kanalımız