4 İyul - 03:06
Cavid Qurbanov getdi, nə dəyişəcək? –  Bahalıq gətirmişdi!

Cavid Qurbanov getdi, nə dəyişəcək? – Bahalıq gətirmişdi!

İqtisadiyyat

26 May 2022 10:37 3140


Bir gün öncə Prezident İlham Əliyev Cavid Qurbanovla bağlı sərəncam imzaladı. Sərəncama əsasən, Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Digər sərəncamla Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Hələlik “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr postuna təyinat olmayıb. İki gündür ki, ictimaiyyət arasında müxtəlif versiyalar irəli sürülür. Sual olunur ki, Cavid Qurbanov vəzifəcə və səlahiyyətcə böyüdüldü, yoxsa kiçildildi? ADY-nin yeni rəhbəri kim olacaq?

Qeyd edək ki, hazırda Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovdur. ADY-nin sədri postuna onun təyin olunacağı barədə iddialar da var. 

Yada salaq ki, yaxın günlərdə “Azərbaycan Dəmir Yolları” QSC işçilərin maaşlarını kəsmişdi deyə idarənin qarşısında 100-dən çox işçi yığışaraq etirazlarını bildirmişdilər. Etirazçılar deyirdi ki, növbəti aydan onların əmək haqlarının 1/3 hissəsi kəsiləcək. Yalnız bu deyil, zaman-zaman işçilərin üzləşdikləri bir sıra problemlərilə bağlı mediaya məlumatlar sızırdı.

C.Qurbanov 9 fevral 2015-ci ildən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışıb. O, eyni zamanda Azərbaycan Voleybol Federasiyasının prezidentidir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a mövzu ilə bağlı bunları açıqlayıb:  “Deməzdim ki, Cavid Qurbanovun səlahiyyəti böyüdüldü. Bunu ölkə rəhbəri müəyyənləşdirir və kimi harada görmək istəyirsə, onu da vəzifəyə təyin edir. Sadəcə olaraq, Cavid Qurbanov indiyə kimi ayrı bir qurumun rəisi idi, bu gün böyük bir nazirlikdə müavin vəzifəsinə təyin edilib. Yəqin ki, onun da nəzarətində olan bəzi sahələr olacaq.  ”Azərbaycan Dəmir Yolları" və AZAL Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzarətindədir.  Ola bilsin ki, bu qurumlara nəzarət onların vasitəsilə həyata keçirilə bilər.

Cavid Qurbanov uzun illərin nəqliyyatçısıdır. Bildiyim qədər ixtisası üzrə də dəmiryolçudur. Bu gün bilmirik, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində nə kimi fəaliyyəti olacaq. Sadəcə olaraq, Cavid Qurbanovun dövründə dəmir yolu ilə bağlı çox böyük inkişafın şahidi olmadıq. Dəmir yolunun şaxələnməsi, yeni dəmir yolu xətlərinin çəkilməsi, eyni zamanda Bakı kəndlərində işləyən elektrik qatarları ilə bağlı elə də irəliləyiş görmədik. Əksinə, dəmir yolunda gediş haqqının artmasının şahidi olduq. Sürət qatarı adı ilə formal qatarların xəttə buraxılmasının şahidi olduq. Düzdür, qatarlarının yenilənməsi, yeni dəmir yolu xəttinin çəkilməsi halları da baş verdi, bu gün də proses davam edir. İşğaldan azad olunmuş ərazilərə, eyni zamanda Lənkəran, Qəbələ və digər istiqamətlərdə xətlərin çəkilməsi nəzərdə tutulur. Amma deməzdim ki, əhali dəmiryolundan tam razıdır. Hətta dəmiryolunun öz işçiləri belə narazıdırlar, əmək haqqının ödənilməməsi, işçilərin hüquqlarının pozulması və digər neqativ hallara görə. Hər bir halda narazılıq çox böyükdür və Azərbaycanda nəqliyyat sisteminin inkişafından danışırıqsa, dəmir yolunu unutmamalıyıq. Çünki dəmir yolu bu sahədə ən öndə gedənidir".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun da mövzu ilə bağlı fikirləri diqqət çəkir: “Nazir müavini yüksək vəzifə sayılır. Səlahiyyəti də genişdir. Onun müavin təyin edildiyi nazirlik böyükdür - bir çox sahə və sferaları əhatə edir. Ona görə də orada kifayət qədər iş var. Dəmir yollarında aparılan işlər qənaətbəxşdir. Lakin görülməli işlər də çoxdur. Dəmir yollarında sərnişindaşıma Avropa standartlarına uyğunlaşdırılmalıdır. Eyni zamanda dəmiryolları xətlərinin yenidən təmiri aparılmalıdır. Dəmiryolları çox köhnəlib. Hətta müəyyən hissələrdə dəmiryollarının köhnə, bir qədər yararsız olması səbəbindən qatarlar da çox sürətlə hərəkət edə bilmirdi. Qatarların yenilənməsinə, yeni qatarlara ehtiyac var. Sərnişindaşımada Avropa standartlarına uyğunlaşdırmaya ehtiyac var. Bununla belə, mən pandemiyadan əvvəl qatarlardan istifadə etmişəm, xidmətlərdən razı qalmışam”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!