Evlənənlər bir neçə ay sonra niyə peşman olur? -   SƏBƏBLƏR AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Evlənənlər bir neçə ay sonra niyə peşman olur? - SƏBƏBLƏR AÇIQLANDI

Sosial

25 Sentyabr 2026 07:20 287


“Dünyada belə bir qlobal tendensiya yaranıb ki, insanların evlənmə yaşı getdikcə artır. Bu, bir sıra inkişaf etmiş, xüsusilə Qərb ölkələrində də müşahidə olunur. Azərbaycanda isə ənənəvi olaraq insanlar daha erkən yaşda ailə qurublar. Əvvəllər 19-20, 22-25 yaşda evlənmək normal hesab olunurdu. Hətta oğlanların 28, qızların isə 24 yaşında ailə qurması bəzi hallarda gecikmə kimi qiymətləndirilirdi”.

Bu sözləri “Yeni Sabah”a fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Hüseyn İbrahimov Azərbaycanda gənclərin evlilik qərarına təsir edən amillərdən danışıb.

Sosioloq bildirib ki, evlənmə yaşının artması dünyada müşahidə olunan ümumi tendensiyadır: Toyuqlu pizza

“Hazırda Azərbaycanda evlilik yaşının artması prosesi gedir və bunu qlobal tendensiya kimi qiymətləndirmək olar. Bunun əsas səbəblərindən biri insanların əvvəlki dövrlə müqayisədə evlilik qərarını daha çox özlərinin vermək istəməsidir. Əvvəllər gənclər valideynlərin razılığı və istəyi ilə ailə qururdularsa, indi bu qərarı özləri qəbul etməyə üstünlük verirlər. Valideynlər də əvvəlki kimi övladlarının evlilik qərarına müdaxilə etmirlər və ya buna imkanları məhdud olur. Digər tərəfdən, boşanmaların sayının artması da gənclərin evlilik qərarlarına psixoloji təsir göstərir. Erkən yaşda ailə quranların bir qismi ailə məsuliyyətini əvvəlcədən tam dərk etmədiyi üçün sonradan çətinliklərlə üzləşir. Bəzən valideynlərin təsiri ilə ailə quran gənclər münasibətləri alınmadıqda bunu valideynlərinin qərarı ilə əlaqələndirirlər. Bəzi hallarda isə gənclər valideynlərinin məsləhətinə qulaq asmadıqları üçün sonradan özlərini günahlandırırlar”.

Ekspert  bildirib ki, evləndikdən sonra karyera və şəxsi inkişaf istəyi də ailədə fikir ayrılığı yaradır:

“Hazırda ailə qurduqdan sonra karyera və şəxsi inkişafla bağlı istəklərin ortaya çıxması da müşahidə olunur. Xüsusilə qadınlarda bu hal daha çox nəzərə çarpır. Bəzən gənc qadın ailə qurana qədər karyera və ya təhsil məsələsini prioritet hesab etmir. Ailə qurduqdan sonra isə təhsilini davam etdirmək, karyera qurmaq və özünü inkişaf etdirmək istəyir. Bu isə bəzi hallarda ailə daxilində fikir ayrılıqlarına səbəb olur. Ailə qayğıları və məsuliyyətlər də bəzi insanlarda sonradan peşmanlıq yarada bilir. Bu amillər göstərir ki, bir çox gənc ailə qurarkən gələcək məsuliyyətləri və ailə həyatının reallıqlarını tam şəkildə nəzərə almır. Ailə sadəcə bioloji ehtiyac və ya sosial təzyiq nəticəsində qurulmamalıdır. Ailə sosial institutdur və onu quran hər iki tərəf bərabər şəkildə məsuliyyət və öhdəlik daşıyır. Buna görə də həm gənclər, həm də onların valideynləri ailənin mahiyyətini və məsuliyyətlərini düzgün dərk etməlidirlər”.

Onun fikrincə, əsas olan evlənmə yaşı yox, tərəflərin ailə məsuliyyətinə hazır olmasıdır:

“Sorğular da göstərir ki, bəzi hallarda həm gənclər, həm də valideynlər ailənin sosial institut kimi əhəmiyyətini tam dərk etmədən evlilik qərarı verirlər. Bəzən bu qərarı valideynlər istəyir, bəzən isə gənclərin özləri qəbul edir və valideynlər də həmin qərarı dəstəkləyirlər. Nəticədə isə sonradan müxtəlif ailə problemləri ortaya çıxa bilir. Azərbaycan gənclərinin ailə qurmaq qərarına həyat tərzinin dəyişməsi, boşanmaların artması və şəxsi inkişafla bağlı tələblərin yüksəlməsi də təsir edir. Gənclər artıq ailə qurmadan əvvəl sosial və mədəni ehtiyaclarını təmin etməyə, təhsil almağa və müəyyən qədər həyat təcrübəsi qazanmağa çalışırlar. Bu da evlilik yaşının artmasına səbəb olan amillərdən biridir. Əgər gənc ailə qurarkən ailənin sosial institut kimi məsuliyyətini dərk edirsə, daha gec yaşda ailə qurması özü-özlüyündə problem hesab edilməməlidir. Əsas məsələ ailə qurma yaşından çox, ailənin nə dərəcədə sabit olması və tərəflərin bu məsuliyyətə hazır olub-olmamasıdır. Çünki boşanmaların artması ailə institutuna daha ciddi təsir göstərən amillərdəndir. Boşanma zamanı uşaqların psixoloji vəziyyəti və onların üzləşdiyi çətinliklər də ortaya çıxa bilir”.

O əlavə edib ki, gənclərin evlənməzdən əvvəl bir-birinin ailəsini tanıması da vacibdir:

“Gənclər ailə qurarkən gələcəkdə peşman olmamaq üçün ilk növbədə ailənin sosial institut olduğunu anlamalıdırlar. Onlar özlərinə “Nə üçün ailə qururam?” sualını verməli və bu qərarın məsuliyyətini dərk etməlidirlər. Tərəflər bir-birlərinin xarakterini, həyat tərzini, iş xüsusiyyətlərini və sosial fəaliyyətlərini əvvəlcədən bilməlidirlər. Eyni zamanda, ailə daxilində əmək bölgüsünün necə aparılacağı da öncədən müzakirə olunmalıdır. Məsələn, bəzi kişilər ailə qurduqdan sonra həyat yoldaşının işləməsinə razı olmurlar. Bu kimi məsələlər evlilikdən əvvəl müzakirə edilməlidir. Eyni zamanda, qızlar da gələcək həyat yoldaşının iş saatlarını, işinin xüsusiyyətlərini və həmin peşənin ailə həyatına necə təsir edə biləcəyini əvvəlcədən nəzərə almalıdırlar. Tərəflər bir-birlərinin işində yarana biləcək çətinliklərə və həyatlarında baş verə biləcək dəyişikliklərə nə dərəcədə hazır olduqlarını da düşünməlidirlər. Gənclər evlənməzdən əvvəl ailədəki sosial rollarını aydın şəkildə müəyyənləşdirməlidirlər. Bundan başqa, qısqanclıq, qarşılıqlı uyğunluq, ailənin sosial və maddi yükü, gələcəkdə uşaqların qayğısı kimi məsələlər də əvvəlcədən müzakirə olunmalıdır. Ailə münasibətlərinin dəyişməsi ilə bağlı daha çox araşdırmanın aparılmasına ehtiyac var. Çünki ailə həyatında gözləntilər, həyat tərzi və münasibətlərə yanaşmalar dəyişir. Bütün bu dəyişikliklər fonunda ailə qurmağa yeni yanaşma və yeni düşüncə tələb olunur. İlk növbədə gənclər ailə qurmağın yalnız bioloji istəkdən irəli gələn qərar olmadığını anlamalıdırlar. Bu, həm də sosial tələbat və sosial-demografik məsuliyyət məsələsidir. Hər iki tərəf bir-birinin xarakteri, dünya görüşü və ailə dəyərləri haqqında əvvəlcədən kifayət qədər məlumatlı olmalıdır.

Gənclərin evlənməzdən əvvəl bir-birlərinin ailələri ilə tanış olması və müəyyən müddət ünsiyyətdə olması da vacibdir. Bu, tərəflərə gələcək həyat yoldaşının ailə ənənələrini, davranışlarını və dünyagörüşünü daha yaxından tanımağa imkan verir. Beləliklə, onlar sonradan həmin xüsusiyyətləri qəbul edib-edə bilməyəcəklərini daha düzgün qiymətləndirə bilərlər. Bütün bunlar sağlam və daha sabit ailə münasibətlərinin qurulması baxımından vacib məqamlardır”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!