“Yüksək bal toplayan tələbələrin böyük əksəriyyətinin hüquqşünaslıq ixtisasını seçməsi gənclərin gələcəyə baxışını və cəmiyyətin reallıqlarını çox aydın göstərir. Dünyada süni intellekt və kibertəhlükəsizlik kimi sahələr sürətlə inkişaf etsə də, bizdə cəmi bir neçə nəfərin riyaziyyat və kompüter elmlərini seçməsi ciddi düşünməyimizi tələb edir”.
Bunu Musavat.com-a açıqlamasında fəlsəfə doktoru, təhsil eksperti İlqar Orucov deyib. Onun sözlərinə görə, hazırkı reallığın səbəblərini daha sadə dillə dörd əsas amillə izah etmək olar:
“Birincisi, gənclər və valideynlər illərlə çəkilən əziyyətin qarşılığını tez bir zamanda görmək istəyirlər. Azərbaycanda hüquq diplomu məhkəmələr, prokurorluq, banklar və iri şirkətlərdə sabit, yüksək maaşlı və zəmanətli iş deməkdir. Elm və riyaziyyat sahəsində isə hələ ki gənclərə eyni dərəcədə cəlbedici və böyük qazanc vəd edən iş yerləri və araşdırma mərkəzləri kifayət qədər deyil. Dominos pizza
Düşünürəm ki, ikinci faktor cəmiyyətdəki yüksək nüfuz və status məsələsidir. Bizim cəmiyyətdə hüquqşünas adı və statusu hələ də güc, hörmət və elitarlıq simvoludur. İnsanlar bu peşəni cəmiyyətdə sürətlə irəli getmək və söz sahibi olmaq üçün ən yaxşı vasitə hesab edirlər. Texnologiya və elm sahəsi dünyada çox populyar olsa da, yerli mühitdə hələ ki, hüquq qədər nüfuzlu və güclü bir mövqe kimi qəbul olunmur.
Üçüncü faktor proqramçı və ya texnologiya mütəxəssisi olmaq üçün mütləq universitet diplomunun şərt olmamasından da irəli gəlir. Gənclər bu sahələri müxtəlif kurslar, onlayn resurslar və ya sertifikatlarla da öyrənib iş tapa bilirlər. Lakin vəkil, hakim və ya prokuror olmaq üçün ali hüquq təhsili mütləqdir. Əmək bazarının bu tələbi yüksəkballı tələbələri universiteti məhz hüquq üzrə oxumağa sövq edir.
Dördüncüsü, 600-dən yüksək balla Bakı Dövlət Universitetinə qəbul olunanların daha çox hüquqşünaslıq ixtisasını seçmələrinin daha bir səbəbi, xüsusilə bu universitetimizin humanitar sahələrdə və hüquq təhsilində tarixi bir brend olaraq daha çox fərqlənməsi ilə bağlıdır. Texnologiya və mühəndisliyə marağı olan digər yüksəkballı gənclər isə BDU-nu deyil, daha çox ingilisdilli təhsil verən xüsusi profilli yerli universitetləri (məsələn, ADA və ya Bakı Ali Neft Məktəbini) və ya dövlət proqramları ilə birbaşa xaricdə təhsili seçirlər”.
Qeyd edək ki, 2026/2027-ci tədris ili üzrə Bakı Dövlət Universitetinə (BDU) 600-dən yuxarı balla qəbul olunan abituriyentlərin ixtisas seçimi diqqət çəkən mənzərə ortaya qoyub.Bu il ümumilikdə 600-dən yüksək bal toplayan 504 abituriyent BDU-nu seçib. Onların böyük əksəriyyətinin üstünlük verdiyi ixtisas isə hüquqşünaslıq olub.
Belə ki, yüksəkballı abituriyentlərdən 396 nəfəri hüquqşünaslıq ixtisasına qəbul olunub. Başqa sözlə, BDU-da 600-dən yuxarı balla qəbul olunanların təxminən 80 faizi hüquqşünaslığı seçib.
Digər ixtisaslar üzrə göstəricilər isə belədir: 28 nəfər biotexnologiya, 20 nəfər dövlət və ictimai münasibətlər, 19 nəfər riyaziyyat müəllimliyi, 15 nəfər Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına üstünlük verib. Sonrakı yerlərdə psixologiya – 14, riyaziyyat – 4, kompüter elmləri – 2, kimya müəllimliyi – 2 nəfərlə qərarlaşıb. Biologiya müəllimliyi, biologiya, beynəlxalq münasibətlər və təhsildə sosial-psixoloji xidmət ixtisaslarının hər birini isə cəmi 1 yüksəkballı abituriyent seçib.
Telegram kanalımız