Kəlbəcərdə gələn il 3 yeni yaşayış məhəlləsinin tikintisinə başlanılacaq.
"Yeni Sabah" xəbər verir ki, bunu Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev ikinci Bal Festivalı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Kəlbəcər şəhərində bərpa-quruculuq işləri davam etdirilir və artıq şəhərin birinci yaşayış məhəlləsinə köç həyata keçirilib. Sezar pizza
"Hazırda burada 162 ailə yaşayır. Sakinlər işlə təmin olunublar. İlkin zəruri ehtiyacların ödənilməsi məqsədilə modul tipli obyektlərin yaradılması üçün imkanlar yaradılıb. Fərdi sahibkarlar öz bizneslərini qurub, müxtəlif obyektlər yaradılıb", - B.Hacıyev bildirib.
Xüsusi nümayəndə qeyd edib ki, hazırda Kəlbəcər şəhərində 30-a yaxın modul tipli obyekt fəaliyyət göstərir. Onun sözlərinə görə, bu, şəhərdə iqtisadi fəallığın artmasına və yeni iş yerlərinin yaranmasına səbəb olub.
"Sakinlər həm bu obyektlərdə, həm də dövlət qurumlarında çalışırlar. Uşaqlarımız məktəbə gedirlər", - o əlavə edib.
B.Hacıyev bildirib ki, Kəlbəcərdə məktəb kompleksinin tikintisi də yekunlaşmaq üzrədir. Kompleksdə məktəb və uşaq bağçası ilə yanaşı, peşə təhsili üçün emalatxanaların yaradılması nəzərdə tutulur.
O qeyd edib ki, gələn il Kəlbəcər şəhərində üç yeni yaşayış məhəlləsinin tikintisinə başlanılması planlaşdırılır.
"Layihələndirmə işləri artıq yekunlaşıb və bu layihələr ekspertiza mərhələsindədir. Növbəti il tikinti işlərinə start verilməsi nəzərdə tutulub", - xüsusi nümayəndə deyib.
Onun sözlərinə görə, ikinci yaşayış məhəlləsi 182, üçüncü yaşayış məhəlləsi 476, dördüncü yaşayış məhəlləsi isə 807 mənzildən ibarət olacaq. Yaşayış məhəllələrinin isti su, qaz, elektrik enerjisi və sürətli internetlə təmin edilməsi planlaşdırılır.
Kəlbəcər şəhər parkının layihələndirilməsi artıq başa çatıb və gələn il tikinti işlərinə başlanılması nəzərdə tutulur. İnzibati binanın da layihələndirilməsi həyata keçirilir.
Xüsusi nümayəndə vurğulayıb ki, bərpa-quruculuq işləri mərhələli şəkildə həyata keçirilir və layihələndirmə mərhələsində texniki məsələlərə xüsusi diqqət yetirilir.
O, Zar kəndində aparılan tikinti işləri barədə də məlumat verib. Xüsusi nümayəndənin sözlərinə görə, kənddə tikinti işləri yekunlaşmaq üzrədir. Burada 547 fərdi ev, 100 nəfərlik uşaq bağçası və 528 şagirdlik məktəb inşa edilib: "Yaxın zamanlarda inşaat işləri yekunlaşandan sonra köçümüz də baş tutacaq. Oranın əzəli sakinləri öz torpaqlarına qayıdaraq orada yaşayıb çalışacaqlar"./Report
Telegram kanalımız