Azərbaycanda qadın məhkumların ərləri ilə necə görüşür? Ər-arvadın cəzaçəkmə müəssisəsində təkbətək qalmasının mümkündürmü? Yəni azadlıqdan məhrum edilən şəxsin ailə həyatı davam edir?
“Qanun qadın məhkumlara ərləri ilə görüşmək imkanı yaradır”.
Bunu “Yeni Sabah”a vəkil Ramil Vəliyev bildirib: pizza
Onun sözlərinə görə, Azərbaycandakı cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin ailə üzvləri ilə əlaqə hüququ Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir:
“Qadın məhkumların da kişi məhkumlar kimi həyat yoldaşı ilə görüş hüququ qanunvericilikdə nəzərdə tutulub. Bu hüquq məhkumun cəmiyyətlə və ailəsi ilə əlaqələrinin qorunmasına, sosial münasibətlərinin tamamilə qırılmamasına xidmət edir.
Evli qadın məhkum əri ilə qısamüddətli və ya uzunmüddətli görüşlərdən istifadə edə bilər. Qısamüddətli görüşlər, adətən, cəzaçəkmə müəssisəsinin müəyyən edilmiş görüş otaqlarında keçirilir və müəssisənin əməkdaşlarının nəzarəti altında baş tutur. Bu görüşlər ailə əlaqələrinin saxlanmasına xidmət etsə də, məxfilik tam təmin edilmir”.
Vəkilin sözlərinə görə, həbsxanada ər-arvad yalnız uzunmüddətli görüş zamanı tək qala bilər:
“Uzunmüddətli görüşlər isə tamamilə fərqli xarakter daşıyır. Belə görüşlər xüsusi ayrılmış otaqlarda keçirilir və həyat yoldaşına ailə münasibətlərini normal qaydada davam etdirmək imkanı yaradır. Qanunvericilikdə nəzərdə tutulan hallarda ər və arvadın təkbətək qalmasına uzunmüddətli görüş çərçivəsində icazə verilir. Bu baxımdan “ər-arvadın təkbətək görüşü mümkündürmü” sualının cavabı bəlidir, lakin bu hüquq yalnız uzunmüddətli görüş qaydaları daxilində və müəssisənin müəyyən etdiyi prosedurlara əməl edilməklə həyata keçirilir”.
R.Vəliyev qeyd edib ki, təkbətək görüşlərin sayı və müddəti hər məhkum üçün eyni olmur:
“Bu görüşlərin sayı isə bütün məhkumlar üçün eyni deyil. Görüşlərin sayı və müddəti məhkumun hansı rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasından, davranışından, cəza çəkmə şəraitindən və qanunvericilikdə müəyyən edilmiş rejim qaydalarından asılı olaraq dəyişir. İntizam qaydalarını pozan məhkumlar barədə tətbiq edilən qanuni məhdudiyyətlər nəticəsində görüş hüququ müəyyən hallarda azaldıla və ya müvəqqəti məhdudlaşdırıla bilər. Əksinə, nümunəvi davranış göstərən məhkumlar qanunvericiliyin verdiyi imkanlardan tam həcmdə istifadə edə bilirlər.
Uzunmüddətli görüş hüququ əsasən rəsmi nikahda olan həyat yoldaşları üçün nəzərdə tutulur. Görüşün təşkili üçün cəzaçəkmə müəssisəsinin daxili qaydalarına uyğun müraciət edilməli və nikah münasibətini təsdiq edən sənədlər təqdim olunmalıdır. Müəssisə təhlükəsizlik və rejim tələblərinə riayət olunmasını təmin etməklə bu görüşləri təşkil edir.
Azərbaycan qanunvericiliyi qadın məhkumun ailə həyatına hörmət hüququnu tanıyır və onun həyat yoldaşı ilə görüşməsinə hüquqi təminat verir. Bu hüququn həyata keçirilməsi həm məhkumun sosial reabilitasiyasına, həm də ailə institutunun qorunmasına xidmət edən mühüm hüquqi mexanizmlərdən biridir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız