Gigiyena qaydalarına düzgün əməl olunmaması müxtəlif yoluxucu xəstəliklərin yayılma riskini artıra bilər. Əllərin yuyulmaması, qidaların düzgün saxlanılmaması, yaşayış və iş yerlərinin təmizliyinə diqqət yetirilməməsi bir sıra infeksiyalara yoluxma təhlükəsi yaradır. Eyni zamanda, dezinfeksiyaedici və kimyəvi təmizləyici vasitələrdən həddindən artıq istifadə də insan sağlamlığına zərər verə bilər.
“Yeni Sabah” xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Aygün İsmayılova şəxsi və məişət gigiyenasının əhəmiyyəti, qida təhlükəsizliyi, məkanların təmizliyi və dezinfeksiyaedici vasitələrdən düzgün istifadə ilə bağlı məsələlərə aydınlıq gətirib.
Onun sözlərinə görə, əllərin sabunla yuyulması, qida məhsullarının düzgün hazırlanması və saxlanılması, meyvə-tərəvəzlərin yuyulması, məişət səthlərinin təmiz saxlanılması salmonellyoz, şigellyoz (dizenteriya), rotavirus infeksiyası və hepatit A kimi xəstəliklərin yayılma riskini azalda bilər. pizza sifarişi
A. İsmayılova bildirib ki, otaqların mütəmadi havalandırılması, tozun nəm üsulla təmizlənməsi, kif və nəmlik mənbələrinin aradan qaldırılması həm respirator infeksiyaların ötürülmə riskinin, həm də allergenlərin təsirinin azalmasına kömək edir.
Mütəxəssis dezinfeksiyaedici vasitələrdən normadan artıq istifadənin dəri, göz və tənəffüs yollarında qıcıqlanmaya səbəb ola biləcəyini vurğulayıb. O qeyd edib ki, kimyəvi təmizləyicilər təlimata uyğun istifadə edilməli, xlor tərkibli məhsullar digər təmizləyicilərlə qarışdırılmamalıdır.
Qida gigiyenasına toxunan A. İsmayılova qidaların düzgün saxlanılmaması, kifayət qədər bişirilməməsi, çiy və hazır məhsulların təmasda olması, mətbəx səthlərinin və qabların təmiz saxlanılmamasının qida mənşəli infeksiyalara və zəhərlənmələrə yol aça biləcəyini bildirib.
O, uşaqlıqdan düzgün gigiyena vərdişlərinin formalaşdırılmasının da vacibliyini qeyd edib. Əllərin müntəzəm yuyulması, dişlərin gündə iki dəfə təmizlənməsi, şəxsi gigiyena vasitələrindən istifadə və öskürmə zamanı ağız-burunun örtülməsi uşaqlara erkən yaşlardan öyrədilməlidir.
Aytac Əliyeva
Telegram kanalımız