“Azərbaycanda fəaliyyəti müvəqqəti dayandırılan heyvan bazarları müasir standartlara uyğunlaşdırıldıqdan sonra mərhələli şəkildə istifadəyə verilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təsdiqlədiyi baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əsasən, ölkə üzrə artıq 20 belə ticarət obyekti tamamilə modernləşdirilərək fəaliyyətini bərpa edib”.
Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, yenidən qurulan bazarlar Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı, Ağsu, Sabirabad, Xaçmaz, Zaqatala, Ağdaş rayonlarında, Cəlilabadın Təzəkənd və Alar kəndlərində, həmçinin Bakının Binə qəsəbəsində yerləşir: pizza sifarişi
“Hazırda qərb bölgəsində yerləşən Qazax və Gədəbəy rayonlarındakı heyvan bazarlarında da intensiv tikinti və yenidənqurma işləri davam etdirilir.
Layihə çərçivəsində yeni tikilən və təmir olunan heyvan satışı bazarları baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun müasir infrastrukturla təmin olunur. Belə ki, bazarlarda asfalt-beton örtüyü salınır, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılır.
Eyni zamanda, baytar həkimin nəzarəti üçün məntəqə, xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilir, dezbaryerlər, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılır. Modernləşdirilən heyvan bazarlarının konkret açılış tarixləri vahid bir təqvim və ya qrafiklə deyil, tikintinin tam başa çatması və AQTA komissiyasının rəsmi yoxlamasından sonra müəyyən edilir”.
Qeyd edək ki, ölkədə epizootik sabitliyin və bioloji təhlükəsizliyin qorunması, həmçinin zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə 2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə ərazisindəki bütün heyvan bazarlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdi.
Aydan Hacı
Telegram kanalımız